Karl Marks deyib: "ailə kiçik bir dövlətdir". Bu, doğrudan da belədir. Həmin "dövlət" tarixin dolanbaclarında irəliləyərək min illikləri aşıb bu günə çatıb. Dünyaya gələn hər bir insan ailədə böyüyərək bu dövlətin vətəndaşı olmaq statusunu qazanır. Əgər ailə adlı bu dövlətdə daxili nizam-intizam qaydaları, qanunlar demokratikdirsə, o zaman həmin dövlətin vətəndaşları xeyirxah, humanist, azad və ədalətli olur. Yox, əgər qanunlar mürtəce, dağıdıcıdırsa bax o zaman sosial partlayış qaçılmazdı. Bu baxımdan ailəyə sosial qrup kimi də baxmaq olar ki, mahiyyəti onun strukturunda, funksiyasında və ailə üzvlərinin oynadığı rolunda ifadə olunur. Ailənin sosial mahiyyəti cəmiyyət üçün əsas faktordu. Mənəviyyatı zəngin olan ailə cəmiyyətin üst pilləsində qərar turur. Ailə o zaman aşağılanır ki, orada daxili münaqişə səngimək bilmir.
Hərdən adama elə gəlir ki, dünyanın heç bir ölkəsində Azərbaycan ailələrində olduğu kimi münaqişələr çox deyil. Çünki bizdə ailədaxili söz-söhbət, valideyn-övlad, qaynana-gəlin, gəlin-qaynata münasibətləri bir çox hallarda öz çərçivəsinə sığmır. Bu münasibətlərin tənzimləyicisi rolunda çıxış edən ailə başçısı idarəçiliyi bacarmır. Ya da ki, üzərinə düşən öhdəliyin ciddiliyini əhəmiyyətsiz sayır. Ailədə dünyaya gələn övladın cəmiyyət üçün yararlı olub-olmaması valideynin ona verdiyi tərbiyənin məhsuludur. Əgər ata oğlunun gözü qarşısında həyat yoldaşını təhqir edir, onun analıq haqqını, qadınlıq hüququnu tapdalayırsa, hansı haqla oğlundan nəsə gözləməlidir?! Heç şübhə yox ki, sabah həmin oğul anasına, həyat yoldaşına eyni münasibəti sərgiləyəcək. Bu o deməkdir ki, evin kişisi gələcəkdə ailədə baş verəcək münaqişənin toxumlarını bu gün səpir.
Hər gün mətbuatda ailə münaqişələri haqqında xəbərləri oxuyuruq. Elə bir gün yoxdur ki, hansısa kütləvi informasiya vasitəsində ailə zəminində baş vermiş qanlı olayla rastlaşmayaq. Xüsusilə də cinayətlərinə qısqanclıq, namus, xəyanət adı verib qətl törədənlərin sayı gündən-günə artır. Əvvəllər namus üstə öldürülənlər əxlaqsızlıq edən və təcavüzə uğramış qızlar olurdusa, bu gün ailədaxili problemlər nəticəsində öldürülən qadınların üzərinə ləkə kimi "əxlaqsız" damğası vurulur və cinayətkar özünü namuslu insan kimi təqdim edir. Bu, doğrudanmı belədi? Cəmiyyət namussuzdu, yoxsa ailənin əxlaqı cəmiyyətə sığmır? Hər iki halda qanlı cinayətin kökündə yuxarıda dediyim ailə tərbiyəsi durur. Atalar deyib ki, ev sözsüz, gor əzabsız olmaz. Amma hər xırda detalın böyüyüb cinayətə yol açması ondan xəbər verir ki, insanların əsəblərini cilovlaya biləcək qüvvəsi tükənib. Bunun da mənbəyində cəmiyyətin sosial bəlaları durur.
Bunlar ailə münaqişələrinin qanlı cinayətlə nəticələnən tərəfləridi. Bir də var xırda məişət söhbətləri ki, bəzən böyük münaqişəyə yol açır. Məsələn qaynana-gəlin münasibəti. Bu münasibətlərin pik nöqtəsi "gəlin mənim süpürgəmdi, hara qoydum orda durmalıdı" psixologiyasını öz xarakterində formalaşdıran qaynananın islaholunmaz davranışıdı. Qaynana ailə dövlətində iqtidardı, bütün hakimiyyət onun əlindədi. Gəlin isə gələn bir gündən müxalif mövqedə dayanaraq hakimiyyətə can atır. Əgər qaynana öz dövlətini demokratik yolla idarə edirsə, o zaman gəlinlə ortaq razılığa gələcək, hakimiyyət bölgüsünə təkrar nəzər yetirəcək, gəlinə də idarəçilikdə vəzifə verəcək. Bu bölgüdə ağıllı gəlinin də rolu böyükdü. Elə gəlin var ki, hakimiyyət onu qətiyyən maraqlandırmır. Müstəqil və azad olmağı hər şeydən üstün tutur. Və bu yolda özünün çalışmalarını ortaya qoyaraq qaynana ilə münasibətlərini çox gözəl bir şəkildə tənzimləyir. Elə ki, qaynana diktator olur, hakimiyyətdə təkbaşına oturur, bax o zaman iqtidar-müxalifət savaşınnın səngiməsinə beynəlxalq təşkilat rolunu oynayan qaynata, oğul, qayın, baldız, qonşu və digər qohum-əqrəbanın da köməyi dəymir. Nəticə isə belə olur: ya boşanma, ya da kirayə evə köçmək.
Vay o gündən ki, qaynata-gəlin münasibətində çat yaransın, o zaman ailədə baş verəcək faciənin işartrılarını aydın görmək olur. Tarixən Azərbaycan ailələrində qaynata ilə gəlin arasında ata-bala münasibəti hökm sürüb. Adətən qaynata gəlinini öz qızı kimi sevir, gəlin də ona atası kimi hörmət göstərir. Ən yüksək əxlaqi davranışı, müdrik məsləhətləri, sanballı hərəkətləri ilə təkcə ailədə deyil, həm də bir rayonda, bir kənddə hörmət qazanan, ehtiram göstərilən kişilər çox olub. Vaxtilə anamın danışdığı hadisəni xatırlayıram. Bir gəlin əkin-biçin vaxtı uşağına süd verərkən, qaynatasının uzaqdan gəldiyini görüb, utandığından uşağı qaya dibində gizlədib evə qaçır. Axşam olur, bir də baxırlar ki, bələkdəki uşağın yeri boşdu. Qaynanası uşağın harda olduğunu soruşanda gəlin hadisəni olduğu kimi danışır. Gedib uşağı qaya dibindən götürüb evə gətirirlər. Xoşbəxtlikdən uşağa heç nə olmayıb.
Bu gün ailə münaqişələrinin kökündə dayanan müxtəlif səbəblər sadalanır. Ancaq sadalanan problemlərin içində ailədə qaynata olan kişinin xarakterinin, eləcə də digər insani dəyərlərinin tükəndiyindən az bəhs olunur. Əsas məsələ budur. Bu millətin ağır-ağır Kişilərinin ədəb-ərkanında, verdikləri tərbiyədə, danışdıqları sözdə xeyir-bərəkət olub. Bu Kişilərin əxlaqı və ailədəki davranışı böyüklüyün, müdrikliyin, dünyagörüşünün açıq ifadəsindən xəbər verib. Onlar evin ağsaqqalı olaraq ailənin düzəninin pozulmasına yol verməyiblər. Bu Kişilər ağızlarından çıxardığı kəlmələri ölçüb-biçib, sözü heç vaxt havaya deməyib, anında və məkanında işlədiblər. Bəs, indi hanı o Kişilər? Doğrudu, klassik qaynata obrazını özündə daşıyan kişilər hələ də var, amma çox azdı. Qaynana nə qədər hökmlü, avtoritar olsa da evdəki kişinin zəhmi, ləngəri olmalıdır ki, bunların qarşısını ala bilsin. Əks halda " bu xəmir hələ çox su aparacaq". Ailənin başçısı öz həyat yoldaşını idarə edə bilmirsə o ailədə münaqişə mütləq baş verəcək, konflikt olacaq.
"Qaynata gəlinini döydü", "Qaynata gəlinini zorladı", "Qaynata gəlini ilə evləndi", "Qaynata toyda gəlini ilə əlbəyaxa döyüşə çıxdı", "Qaynata küçənin ortasında gəlinini söydü", "Qaynata gəlinini öldürdü" və s. bu kimi ürək ağrıdan xəbərləri tez-tez eşidirik. Bunlar çox böyük faciədi. Bir millətin ali dəyərlərinin alçalması, ölkədə ailə institunun tənəzzülə uğraması deməkdi. Halbuki Azərbaycan ailəsi mənəvi köklərinin möhkəmliyi ilə digər millətlərdən öndə olub. Bizdə ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma indi bu dəyərlər ailələrin sayının azalması, milli demoqrafik problemlərin artması ilə kölgədə qalıb. Bu problemi yaradan ən əsas səbəb kişilərin ölkəni tərk etməsidi. Ailədə kişi olmayanda isə baş verəcək xoşagəlməz hallara təbii ki, qonşu məsuliyyət daşımayacaq. Xarici ölkələrə işləməyə gedən gənc ərin həyat yoldaşı valideynlərinin yanında qalır. Bir çox hallarda ər qayıtmır, ya da ki, arabir evə baş çəkir, telefonla hal-əhval tutur. Ərinin biganəliyindən bezən gəlininin qaynanası və qaynatası ilə münasibətlərində də soyuqluq yaranır. Sonda da qaynata-gəlin münasibətlərində yuxarıda sadaladığım faciələr baş verir.
Azərbaycan ailələrindəki münaqişələrin, konfliktlərin gündən-günə artmasının kökündə dayanan səbəblərdən biri də gender bərabərliyi və məişət zorakılıqları haqqında qanunların formal xarakter almasıdır. Həmin qanunların icrası ilə bağlı maarifləndirmə işləri aparılmır, ya da nəzərəçarpacaq dərəcədə çox deyil. Bu məsələ ilə birbaşa məşğul olan qurumun - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlərin nədən ibarət olduğunu öyrənmək üçün kiçik bir araşdırma apardım. Məlum oldu ki, komitə yarandığı on ildə çoxlu sayda layihə tərtib edib, çoxlu sayda tədbir keçirib, çoxlu sayda beynəlxalq qurumla əlaqə yaradıb, çoxlu sayda problemlərin həllinə cəhd göstərib və s. və i.x. Amma nədənsə yenə də ölkədə məişət zorakılıqları, ailə münaqişələri və konfliktlər azalmır ki, azalmır.
Məncə, ailə institutunun inkişafı ailə adlı dövlətin təkamül prosesindən asılıdır. Bu məsələyə nə beynəlxalq qurumları qarışdırmaq, nə də dünyanın başqa millətlərinin ailə modelini tətbiq etmək olmaz. Azərbaycanın tarixi ailə modeli var. Ailədə Kişinin rolunun möhkəmlənməsində qadının ərinə olan sədaqəti durub ki, bu da hər zaman evdəki xırda məişət söhbətlərinin artmasının qarşısını alıb. Baba-nənələrimiz ailəyə müqəddəs ocaq kimi baxıblar. Bu ocağın qorunub saxlanması, istisinin azalmaması kişinin, uşaqların tərbiyəsi isə qadınların çiyinlərində olub. Bəlkə də məhz bu amilin nəticəsidir ki, indi bütün ailə münaqişlərinə, konfliktlərinə baxmayaraq Azərbyacan ailəsi Avropa ailəsinə nisbətən dayanıqlıdır. Lakin nə yazıq ki, tarixi sınaqlardan keçmiş Azərbaycan ailəsinin ənənələri, milli-mənəvi dəyərləri, əxlaqi prosesləri bu gün yad təsirlərə məruz qalaraq deformasiyaya uğrayıb.
Sərlövhədəki ritorik sualın düyün düşdüyü məsələnin bir çox həll yolları var. Amma ən vacibi və asanı ailə böyüklərinin əxlaqının, səxavətinin, mədəniyyətinin yetərincə olmasıdır. Ailədə zora arxalanmaq olmaz. Kişinin kəsərli sözü, qadının incə əxlaqı olmalıdır ki, cəmiyyətin də namusu mənəviyyata, milli ideologiyaya və davranış mədəniyyətinə söykənib boy göstərsin.