Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək.
Unikal.org xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Keşlə” “Səbail”i qəbul edəcək. “ASK Arena”nın ot örtüyünün dəyişdirilməsi prosesi getdiyi üçün matç “Bakcell Arena”da olacaq. İlk 3 turdan 6 xal toplayan rəqiblər turnir cədvəlində qonşudurlar. “Keşlə” 3-cü, “Səbail” 4-cü sıradadır.
Bu komandaların əvvəlki 8 çempionat qarşılaşmasından 3-də keşləlilər, 4-də isə “dənizçilər” qalib gəlib. “Səbail” son 4 görüşdə meydanı qolsuz tərk etməyib. “Keşlə” son 3 ev matçında qələbə qazanmayıb.
Turun son oyunu çempionluğa 2 əsas namizəd – “Qarabağ” və “Neftçi” arasında olacaq. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.
Sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya “Sevilya”sını qəbul edəcək Ağdam təmsilçisi cari çempionata da inamlı başlayıb və 9 xalla vahid liderdir. “Ağ-qaralar” isə 4 xalla 5-ci yerdədirlər.
Milli çempionatların daimi iştirakçısı olan “Qarabağ” və “Neftçi” indiyədək 76 dəfə görüşüblər. Bunlardan 28-də ağdamlılar, 20-də isə bakılılar 3 xal əldə ediblər. “Neftçi” 5, “Qarabağ” 4 oyundur meydanı qolsuz tərk etməyib. Ağdam klubu son 3 ev oyununda qalib gəlməyib.
Qeyd edək ki, ilk oyun günündə qonaqlar qalib gəlib. "Zirə" "Sumqayıt"ı 2:1, "Qəbələ" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib.
Premyer Liqa
IV tur
15 sentyabr (bazar)
18:00. “Keşlə” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”
20:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu