Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. 

Unikal.org-un məlumatına görə, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, biri yarışla vidalaşıb. 

Yığma üzvlərindən Tayfur Əliyev 1/16 final çərçivəsində ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşıb. 57 kq çəkidə aparan boksçu Tiaqo Puqnonun (İsveçrə) ardınca bu rəqibini də dünya çempionatından kənarlaşdırıb. O, yenə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:25) hesablı qələbə qazanıb. 

T. Əliyev 1/8 finalda ingiltərəli Peter Makqraillə qarşılaşacaq. 

Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) da günü qalib kimi başa vurub. İlk görüşdən azad olan boksçu 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. 

O, 1/8 final döyüşündə avstriyalı Umar Cambekovla münasibətinə aydınlıq gətirəcək. 

Hər iki görüş sentyabrın 17-də olacaq. 

Bu boksçulardan fərqli, İsmayıl Yaqubov (91 kq) məğlubiyyətə üzülüb. O, Ukrayna təmsilçisinə 1:4 (30:27, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub. 

Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq) də 1/8 finala yüksəlib.