Türkiyənin paytaxtı Ankarada Suriya münaqişəsinin həllinə dair Astana prosesinin zəmanətçi ölkələri olan Türkiyə, İran, Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani, Vladimir Putin arasında üçtərəfli zirvə görüşü keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Türkiyə prezidenti Suriyanın ərazi bütövlüyünün qorunmasına və ölkə ərazisindən Türkiyəyə terror hücumlarına son qoyulmasını ön plana çəkib. İran dövlət başçısı isə qonşu ölkədəki gərginliyin yalnız siyasi yollarla həll olunacağını vurğulayaraq Suriya ərazisindəki ABŞ hərbçilərinin dərhal çıxarılması tərəfdarı olduqlarını bildirib.
Rusiya lideri Suriyada radikal qruplarla mübarizənin vacibliyini bildirərək İdlib bölgəsində toqquşmaların yenidən qızışmasından narahatlıq ifadə edib. Onun dediyinə görə hər üç ölkə Suriyada əmin-amanlığı bərpa edərək iqtisadiyyatı canlandırmaq istiqamətində birgə səylər göstərəcəklər.
Qeyd edək ki, sayca beşinci üçtərəfli zirvə olan bu görüş zamanı Suriyada, xüsusilə də İdlib bölgəsində gərginliyin azaldılması və siyasi proseslərə təkan verməklə bağlı müzakirələr aparılacaq.