Son illər Azərbaycanda boşanmaların sayı durmadan artır. Qeyri-rəsmi məlumatlara görə, boşanmalarda intim uyğunsuzluğun, kəskin yaş fərqinin payı düşünüldüyündən daha çoxdur. Sadəcə, Azərbaycan reallığı kiminsə ərindən, yaxud arvadından boşanarkən intim problemi səbəb kimi gətirməsinə imkan vermir.
Elə qəhrəmanımız Leyla (ad şərtidir - İ.V.) da eyni problemi yaşayır. Özü də bir neçə ildir. Leylanın həyat yoldaşı özündən 17 yaş böyükdür. Dediyinə görə, 17 yaşı olanda valideynlərinin razılığı ilə uzaq qohumu olan 33 yaşlı kişiylə ailə qurub. Evliliyin ilk illərində hər şey Leylanın istədiyi kimi gedirmiş. Amma son 4-5 ildə həyat yoldaşıyla münasibətləri qaydasında deyil:
"Maddi durumumuz əvvəldən yaxşı olub. Elə valideynlərimin məni ona verməsinin səbəblərindən biri də bu idi. O, müxtəlif vəzifələrdə çalışıb. Yəni dövlət məmuru olub. İndi də pis işdə deyil, aylıq 2000 qazanır. Amma bizim qadın-kişi kimi münasibətlərimiz demək olar ki, yoxdur. Bəzən bir ay yaxınlığımız olmur".
Leyla deyir ki, elə məhz bu müddət ərzində həyat yoldaşı onu daha çox qısqanmağa başlayıb. Hətta bəzən yaxın qohumlara belə qısqanır:
"Bir dəfə qayınımın oğlu zarafatla dedi ki. ata-balaya oxşayırsınız. Bu söz yoldaşımı pərt etdi. Amma hiss etdirmədi. Evə gələndən sonra nələrin baş verdiyini izah edə bilmirəm. O, bəzən qısqandığından məni döyür və mənimlə sevişir. Axırıncı dəfə də belə oldu. Hansısa məclisə getmişdik. Gördüm ki, məclisin ortasında bərk əsəbləşdi. Məni götürüb evə gətirdi. Əvvəlcə döydü və sonra sevişməyə başladıq. Hirsindən bütün bədənimi dişlək-dişlək eləmişdi".
Leylanın dediyinə görə, indiyə kimi heç vaxt həyat yoldaşına xəyanət etməyib. Amma bu barədə bir neçə dəfə düşünüb:
"Dəfələrlə bu barədə düşünmüşəm və hətta istəmişəm də. Çünki gənc qadınam, hisslərim çox güclüdür. Amma hər dəfə nədənsə ehtiyat etmişəm. Ancaq belə getsə, yəqin ki, məcburən ona xəyanət edəcəm. Onsuz da kim mənə baxırsa, elə bilir ki, o adamla yaxınlığım var. Məni hətta öz qardaşı oğluna da qısqanmışdı. Döyürdü ki, onunla yatmısan".
Leyla deyir ki, intim həyatı qaydasında olmadığına görə, səhhətində problemlər yaranmağa başlayıb:
"Həkimə getmişdim, dedi ki, belə getsə xəstəlik tapacaqsan. Gəlib evdə yoldaşıma deyirəm, deyir ki, həkim qələt edir. Amma mən gənc qadınam, bundan sonra özümü ona həsr etmək fikrim yoxdu".