Fransanın paytaxtı Parisdə yaşayan bir qadının mətbəxindən asılmış tablonun məşhur florensiyalı rəssam Cimabuenin əsəri olduğu üzə çıxıb. Tablonun dəyəri 6 milyon avro təsbit edilib.
Unikal.org BBC-yə istinadla xəbər verir ki, "İsaya sataşmaq" adlı tablonun 13-cü əsrdə Cimabuenin çəkdiyi bir neçə rəsm əsərindən biri olduğu bildirilir.
Qadın illərdir mətbəxindən asdığı tablonun dəyərini öyrənmək üçün mütəxəssislərə müraciət edəndən sonra əsərin həm müəllifi, həm də qiyməti məlum olub.
Fransanın "Le Figaro" qəzetinə müsahibə verən ekspert Eric Turquin tablonun orijinal olduğunun təsdiqləndiyini söyləyib. "Bu əsər eyni əldən çıxıb" deyən Turquin onun həm də Cenni di Pepo adıyla tanınan Cimabue tərəfindən çəkildiyini deyib.
Əsərin 13-cü əsrə aid olmasını laboratoriya analizi də təsdiq edib.
Adı açıqlanmayan qadının tablonu gələn ay hərracda satışa çıxaracağı bildirilir.
Eyni seriyadan olan digər iki tablodan biri İngiltərənin paytaxtı London şəhərindəki Milli Qalereyada, digəri isə ABŞ-ın Nyu-York şəhərindəki Frick Kolleksiyasında saxlanır.