Ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də davamlı və tarazlı inkişafına müsbət təsir göstərmişdir. Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində olduğu kimi, respublika elektrik enerjisi sistemində də bu problemin həlli ilə əlaqədar maraqlı və məqsədyönlü tədbirlər həyata keçirilir.
Belə layihələrdən biri də respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda ümumi gücü 525 MVt olan "Sumqayıt" elektrik stansiyasıdır. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi sisteminin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu vardır. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
"Azərenerji" ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Sumqayıt" ES cari ilin 5 ayı ərzində 1 milyard 345,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal etmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehsaldan 254 milyon kilovatsaat çoxdur.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.
Yeri gəlmişkən, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayında elektrik enerjisi istehsalı 194 milyon kilovatsaat artaraq, 269 milyon kilovatsaata yaxın olmuşdur.
"Stansiyanın avtomatik idarə olunma sisteminin müasir rəqəmsal texnologiya əsasında qurulması istismar prosesinin asanlaşdırılmasına və keyfiyyətin artırılmasına xidmət edir" – deyən mənbə onu da bildirdi ki, enerjisistemin mövsü¬mə hazırlıq tədbirləri çərçivəsində müəssisədə cari ilin son 3 ayı ərzində nəzərdə tutulmuş bütün tədbirlər vaxtında həyata keçirilib. Avadanlıqlara vaxtlı-vaxtında qrafik üzrə texniki xidmət göstərilmişdir. Hazırda sahil akvatoriyasında dəniz otunun (yosunların) kütləvi gəlməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülür. Belə ki, ottəmizləyən qurğularda daraq mexanizminin işinə nəzarət gücləndirilərək soyuducu su yollarının tutulmasının qarşısı alınır. Görülən tədbirlər isə, heç şübhəsiz ki, qarşıdakı mövsümdə elektrik enerjisinə artan tələbatın təmin olunmasına əhəmiyyətli təsirini göstərəcəkdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda sözügedən dövrdə yanğın təhlükəsizliyi üçün bir sıra texniki tədbirlər də həyata keçirilmişdir.
Xatırladaq ki, bu stansiyada dünya standartlarına cavab verən hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbinləri və gücü 189 meqavat olan bir ədəd ən müasir buxar turbini avadanlıqları quraşdırılmışdır. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur.