Almanyia Daxili İşlər naziri Horst Zeehofer Avropanı 2015-ci illə müqayisədə daha böyük qaçqın axını gözlədiyini bəyan edib.

Unikal.org-un “Bild am Sonntag” qəzetinə istinadən verdiyi məlumata görə, H. Zeehofer deyib ki, Yunanıstandakı sığınacaqlarda qaçqınların sayı artır.

Avropa İttifaqının sərhədlərini qorumaq üçün avropalı tərəfdaşlara daha çox yardım etməyi zəruri sayan Almaniya Daxili İşlər naziri sərhəddəki ölkələri uzun müddət yalnız qoyduqlarını söyləyib. H. Zeehofer Avropa Komissiyasının yeni sədri Ursula fon der Leyenlə birgə miqrant böhranının təkrarlanmaması üçün hər şeyi edəcəklərini vurğulayıb. O, bu məsələdə Almaniya Baş Naziri Angela Merkelin tam dəstəyini aldıqlarını da nəzərə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Yunanıstan hökuməti Avropa İttifaqını qaçqınlarla əlaqədar Türkiyə ilə imzalanmış sazişi yeniləməyə çağırıb. Hazırkı sazişə əsasən, adalara gələn qaçqınlar Türkiyəyə qaytarılır. Ancaq saziş Avropanın materik hissəsinə gəlmiş qaçqınları əhatə etmir. Son aylar isə Yunanıstandakı sığınacaqlarda qaçqınların sayı yenidən kəskin artıb.

Türkiyə isə Avropa İttifaqını 2 milyon suriyalı qaçqını Suriyanın şimalında yerləşdirmək üçün təhlükəsiz bölgə yaradılmasına yardım etməyə çağırıb.