Müsavat Partiyası 9-cu qurultayını keçirməyə hazırlaşır. Qurultayda partiya başqanı da seçiləcək. Bu posta indiki başqan Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqov namizəddir.2014-cü ildə keçirilən 8-ci qurultayda Arif Hacılı başqan seçilib.
Unikal.org-un məlumatına görə, İsa Qəmbər özünün “Facebook” səhifəsində yaydığı açıqlamada 9-cu qurultayın nümayəndələrini Arif Hacılıya səs verməyə çağırıb: “2014-cü ilin sentyabrında – Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.
Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam, dəstəklədiyim namizəd asanlıqla qalib gələ bilər. Nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim.
İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.
İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.
İndi isə – 9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir. Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır".