İsmət Abbasovun mal-qara maxinasiyaları faş olur
11:24 18-10-2012
CƏMİYYƏT
İsmət Abbasovun mal-qara maxinasiyaları faş olur
Kənd Təsərrüfatı Nazirliyinin idxal olunan heyvanların ölümü ilə bağlı dünən yaydığı açıqlamaya sözardı
Uzun illərdir ki, ölkə mətbuatının əsas müzakirə mövzularından biri də ölkəyə xaricdən kifayət qədər böyük pullara alınıb ölkəyə gətirilən mal-qaranın kütləvi şəkildə qırılmasıdır. Məlumat üçün bildirək ki, hətta Kənd Təsərrüfatı Nazirliyinin tələf olmuş heyvanların sayı ilə bağlı rəsmi şəkildə verdiyi açıqlamalar belə sitiuasiyanın nə qədər dramatik olduğunu üzə çıxarır. Hələ nəzərə alsaq ki, KTN-nin açıqladığı rəqəmlər reallıqla uzlaşmır və tələf olan mal-qaranın sayı məqsədli şəkildə azaldılır, bu zaman acı reallıqla qarşılaşmış olarıq. Xaricdən kifayət qədər baha qiymətə alındığı iddia olunan bu mal-qaranın müəmmalı şəkildə ölməsi (?) məsələsinə bir qədər sonra qayıdacağıq. Hələliksə mövzuyla bağlı Kənd Təsərrüfatı Nazirliyinin dünən yaydığı rəsmi açıqlamaya diqqət kəsilək.
Belə ki, KTN ölkəyə xaricdən gətirilən cins heyvanların ölümü ilə bağlı KİV-lərdə yayılan məlumatlarla bağlı açıqlama verib. Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib ki, indiyənədək xaricdən 4050 baş cins mal-qara gətirilib. Bunların da çox az hissəsi ölüb. Damazlıq heyvanlar Almaniyadan, Avstriyadan gətirilərək lizinq yolu ilə sahibkarlara verilib.
"Damazlıq heyvanlar ölkəyə gətirilməzdən əvvəl mütəxəssislərimiz həmin ölkələrə gedir, gətirəcəyimiz heyvanları seçirlər. Heyvanlar tam sağlamdırsa, ölkəyə gətirilir. Heyvanlar 40 gün karantində qalır və ölkə şəraitinə uyğunlaşdırıldıqdan sonra fermerlərə lizinqə verilir".
Ç.Fərəcovun sözlərinə görə, heyvan təkcə hava ilə yaşamır. Fermerlərə damazlıq heyvanların sağlam şəraitdə qalmaları üçün lazım olan 5 əsas şərt - hava, su, yem, işıq və stres qaydaları onlara tövsiyə olunur. Tövsiyələrə riayət edən fermerlər damazlıq heyvanlarının saxlanılmasında heç bir problemlə üzləşmirlər. Onun fikrincə, Azərbaycanda damazlıq heyvanların baş sayının artımı vacibdir. Əgər xaricdən gətirilən damazlıq heyvan 30 litir süt verirsə, bizim yerli heyvanlar 2 litir süd verir. Ona görə, hər il ölkə başçısının tapşırığına əsasən, ölkədə damazlıq heyvanlarının sayının artırılması üçün prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Bu ildə bu sahə üçün 10 milyon manat vəsait ayrılıb və nəzərdə tutulan heyvanlar ölkəyə gətiriləcək.
Maraqlıdır, əsasən 2009-cu ildən intensiv xarakter alan xaricdən inəkgətirmə əməliyatı bu günə qədər lazımi nəticəni verməməsinə baxmayaraq KTN sözçüsü bu məqsədlə büdcədən yenə 10 milyon manatın ayrılacağından dəm vurur. İsmət Abasovun bu əməliyyatdan əl çəkməməsinin əsl səbəblərinə gəlincə isə sözsüz ki, bu maliyyə maxinasiyaları ilə bağlıdır. Əvvəla əsasən Almaniya və Avstraliyadan gətirilən həmin cins inəklər dəyərindən dəfələrlə baha qiymətə sənədləşdirilir və heç heyvanlar ölkəmizə gətirilmədən nazirimizə milyonlar qazandırır. Həmin cins malqara ilə bağlı digər qazanc mənbəyi isə fermerlərə lizinq yoluyla satılmasıdır. Nəhayət ölməmiş inəyi ölmüş kimi sənədləşdirməklə də maxinasiyalara yol verilir ki, bütün bu əməliyatların cəmindən kifayət qədər böyük məbləğlərlə ifadə olunan qazanc əldə edilir.
İndi isə gəlin, ötən illərə dair əldə etdiyimiz bəzi göstəricilərə nəzər salaq. 2009-cu ilin sonlarına olan məlumatlara əsasən həmin il Almaniyadan Azərbaycana gətirilən və 3 milyon manata başa gələn 770 inəkdən 74-ünün ölüb. Amma həmin vaxt da kənd təsərrüfatı nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov tələf olan inəklərin sayının təqribən 50 olduğunu demişdi.
Sonrakı ilin statistikası da ürəkaçan deyil. Belə ki, 2010-cu ildə gətirilən heyvanların 12 faizi tələf olub.
Qeyd edək ki, ölkəyə gətirilən cins damazlıq mal-qaranın sayı və onlara sərf olunan vəsaitlə də bağlı müəmmalarla bağlı kifayət qədər ciddi ittihamların səslənməsinə baxmayaraq nədənsə müvafiq orqanlar bu məsələnin tədqiqinə maraq göstərmirlər. Amma nəzərə alınmalıdır ki, bu məqsədlə hər il dövlət büdcəsindən böyük pullar ayrılır və sonda həmin vəsaitlərin taleyi bir növ qaranlıq qalır.
KTN rəsmisinin açıqlamasından da göründüyü kimi eyni məqsəd üçün builki büdcədən 10 milyon manatın ayrılması nəzərdə tutulub. Təbii ki, hökumətin bu yöndəki fəaliyyəti yalnız təqdir olunmalıdır. Hər halda bu strategiya Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri çərçivəsində həyata keçirilir. Amma bununla yanaşı cənab İsmət Abbasovun bəzi sualları cavablandırması da pis olmazdı. Məsələn, indiyə qədərki xərcləmələrin konkret nə kimi faydalarının olması, həmin cins inəklərin respublikamız daxilində artırılması yönündə tədbirlərin görülüb-görülməməsi və digər nüanslar cavabını gözləyən aktual suallardandır. Cənab nazir isə bu sualları cavablandırmaq əvəzinə yayılmış informasiyaları təkzib etməklə "qara məni basınca, qoy qaranı mən basım" prinsipiylə hərəkət edir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59