Bu gün RİH-nin təşkilatçılığı ilə Hafiz Quliyev adına Qubadlı rayon Çaytumas kənd məktəb liseyində şəhid Əlövsət Vəliyevin anım tədbiri keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Qubadlı RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri məktəb kollektivi, şəhidin döyüş yoldaşları və müəllimləri iştirak edirdi.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirildi və Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Hafiz Quliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısı siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub və siyasətin davamçısı ölkə prezidenti cənab İlham Əliyevin Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirləri bunun bariz nümunəsidir.
Qeyd edildi ki, Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə 238 şəhid verib. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə rayonumuzdan olan 11 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. RİH başçısı cənab Malik İsaqovun tapşırığı ilə şəhid ailələrinin problemləri vaxtaşırı olaraq öyrənilir, həllinə köməklik göstərilir. Əlamətdar bayram günlərində şəhid ailələrinə bayram sovqatları verilir.
Anım tədbirinin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompazisiya nümayiş olundu.