Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.
Unikal.org xəbər verir ki, sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və digər şəxslər daxildir.
Azərbaycan bu il sərginin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunur. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda ölkəmizin iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş olunur. Bundan başqa, ziyarətçilər üçün monitorlarda Azərbaycana aid videolara baxmaq imkanı yaradılıb.
Qeyd edək ki, tədbirdə Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər dövlətlərin rəhbər və vəzifəli şəxsləri iştirak ediblər.