Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Hind ədəbi-fəlsəfi düşüncəsi və Sanskrit” mövzusunda dəyirmi masa keçirilib.
Unikal.org xəbər verir ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla universitetdə yenicə fəaliyyət göstərməyə başlayan Qədim dillər Elmi-tədqiqat laboratoriyasının ilk tədbiri keçirdiyini diqqətə çatdırıb.
Rektor adıçəkilən laboratoriyanın universitetdə fəaliyyətə başlamasının uzun zamandır planlaşdırılan məsələ olduğunu deyib. Azərbaycanda filologiya, humanitar elmlər sahəsində belə bir addıma ehtiyac olduğunu deyən Kamal Abdulla ADU-da fəaliyyətə başlayan Qədim dillər Elmi-tədqiqat laboratoriyasının yaxın gələcəkdə Azərbaycanın bu sahə ilə maraqlanan bütün mütəxəssisləri üçün gərəkli və vacib elm mərkəzinə çevriləcəyinə inandığını bildirib. Bu münasibətlə hər kəsi təbrik edən akademik mərkəzin Qədim Yunan, Latın və Sanskrit dilləri və mədəniyyətlərinin öyrənilməsi istiqamətində fəaliyyətini artıq başladığını deyib. Rektor bu yolun başlanğıcında dəstək göstərən rumın, yunan və hindistanlı həmkarlara təşəkkürünü bildirib: “Azərbaycanda ilk dəfə olaraq Dillər Universitetində ciddi və peşəkar mərkəz yarandı. Ümid edirəm ki, ADU-dan kənarda da bu mərkəzin fəaliyyəti diqqət mərkəzində olacaq. Əsas bu dillərin özü ilə gətirdiyi mədəniyyətlərdən söhbət gedir. Bu mədəniyyətlərin də bir-birini tamamlayaraq öyrənilməsi bizim üçün həm Azərbaycan dilində, həm mədəniyyətimizdə, həm öyrəndiyimiz dillərdə olan yeni qatları üzə çıxaracaq. Biz bu yeni qatlardan istifadə edərək öz mədəniyyətimizin daha dərin qatlarına enə biləcəyik və öyrəndiyimiz dillərin uyğun, adekvat, qədim mənzərəsi ilə qarşı-qarşıya duracağıq”.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova “Sosiolinqvistik kontekstdə Sanskrit”, Hindi dili və mədəniyyəti mərkəzinin müəllimi Roopali Sinha “Sanskrit dili və Vedalar haqqında qısa məlumat”, ADU-nun Ümumi dilçilik kafedrasının professoru Həbib Zərbəliyev “Qədim Hind ədəbiyyatı və Sanskrit”, Ölkə ədəbiyyatı kafedrasının müəllimi Həmidə Əliyeva “Epik Sanskrit”, Bakı Dövlət Universitetinin müəllimi dosent Samirə Orucova “Qədim Hind poetik – estetik fikri və Sanskrit” mövzularında olan təqdimatları ilə çıxış ediblər.
Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova mərkəzin fəaliyyət istiqamətləri haqqında danışıb.
Tədbir müzakirələrlə yekunlaşıb.