“Bu gün Azərbaycanda struktur islahatları gedir. Struktur islahatları zamanı hökumət nə qədər çalışsa da, ixtisarların olması labüddür”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Onun sözlərinə görə, ümumi işə böyük töhfələr verə bilməyən, potensialı aşağı olan işçilərlə yanaşı yüksək ixtisaslı, qabiliyyətli, islahatlara töhfə verənlər də ixtisara düşür: “Bir çox insan hətta kompensasiya almadan ərizə yazaraq gedir. Bu işdə ən böyük zərbə də məhz həmin insanlara dəyir. Ona görə də işdən çıxandan sonra onların müəyyən məbləğdə kompensasiya almaları üçün qanunvericilikdə dəyişikliklər olmalıdır”.
Deputat qeyd edib ki, Azərbaycanda ehtiyac meyarı 160 manat, yaşayış minumumu isə 190 manat götürülür: “Bir neçə dəfə bu məsələlər qaldırılıb. Etiyac meyarının aradan qaldırmaqla yaşayış minimumunun saxlanılması çox vacibdir.
O bildirib ki, Rusiyada əhalinin 30 faizi pensiya alsa da, Azərbaycanda bu göstərici 13 faiz təşkil edir: “Buna baxmayaraq, Azərbaycanda pensiya sisteminin mahiyyəti ondan ibarətdir ki, daha az insan aşağı məbləğdə pensiya alsın”.
Deputat deyib ki, bu konsepsiyanı xarici eksperlər də dəvət edilməklə əsaslı sürətdə yenidən işləmək lazımdır: “Pensiya yaşına çatan daha çox insanın pensiya almaq imkanı olsun. Yəni daha çox sayda yaşlı insan üçün pensiya almaq əlçatan olsun. Ən vacib məsələ budur. Ağır işlərdə çalışanların vaxtından əvvəl pensiyaya çıxması üçün güzəştli şərtlərin işlənib hazırlanması labüddür. Bir sıra ölkələrdə 70 yaşdan yuxarı şəxslərin pensiyalarına əlavələr verilir. Nəzərə alsaq ki, ölkədə minimum pensiya 200, orta pensiya isə 293 manat olacaqsa, əksər pensiyaçılar bunun arasında olan rəqəmdə pensiya alır. Ona görə də 70 yaşdan yuxarı olan şəxslərə əlavə ödəmələrin verilməsi praktikasını ölkəmizə tədbiqi mümkündür”.