“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Gürcüstanın Dəmir Yolları” SC-nin baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Unikal.org görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, ölkəmizin nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ona görə də istifadəyə veriləndən sonra bu marşruta maraq daha da artıb. Sonra hər iki ölkənin dəmir yoları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb. “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Hazırda bu marşrutun imkanlarından istifadə edilərək, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətə daşınır. Görüşün yekununda ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı protokol imzalanıb.