İtaliyanın bütün ərazisində boşanan və mənzilindən məhrum olan kişilər üçün sığınacaq evləri açıla bilər.
Unikal.org İtaliya KİV-nə istinadla xəbər verir ki, bu ölkədə nikahın xətm edilməsindən sonra mənzillərin 60 faizi uşaqlı qadınlara qalır. Belə halların 94 faizində isə kişilər həm uşaqlara, həm də qadınların özlərinə aliment verməli olurlar. İtaliya standartlarında bu ödənişlərin məbləği 1000-1500 avro arasındadır. Bu cür çətin vəziyyətə düşmüş keçmiş ərlər bir anda yoxsul və evsiz-eşiksiz insanlara çevrilirlər. Hətta onların bəziləri öz şəxsi avtomobilində gecələməli olurlar.
İtaliyada təsis olunmuş Boşanmış Kişilər Assosiasiyası bu hallarla bağlı hökumət orqanlarına müraciət ediblər. Sosial fəlakət həddinə çatmış vəziyyətə müdaxilə edən Latsio regionunun rəhbərliyi (paytaxt Roma da bu bölgəyə daxildir) boşanmış və maddi cəhətdən ağır vəziyyətə düşmüş kişilərə maliyyə yardımı etmək qərarına gəlib. Bundan başqa, onlar xüsusi sığınacaq evlərdə də yerləşdirilir. Lakin dövlət borcu 2 trilyon dollara çatan İtaliyanın digər regionlarının da tezliklə bu təcrübəni tətbiq edəcəyi məlum deyil.