Tbilisidə Gürcüstan parlamentinə bütün girişləri ötən gün axşamdan bloklayan etirazçılar deputatların qanunverici orqana daxil olmalarına imkan vermirlər.
Unikal.org xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının deputatı Revaz Arveladze bu günə təyin olunan komitə iclasında iştirak etmək üçün parlamentə gəlib.
Aksiyaçılar parlament üzvünü fitlə qarşılayaraq onun binaya daxil olmasına icazə verməyiblər.
Etirazçılar R.Arveladzeni hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunu tərk etməyə çağırıblar.
Zuqdidinin majoritar deputatı Merab Kvaraya da parlament binasına buraxılmayıb. Parlament üzvü noyabrın 14-də paralamentdə proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsini dəstəkləməyib.
Qeyd edək ki, ötən gün parlamentin binası qarşısında müxlaifətin və ictimai fəalların keçirdikləri etiraz aksiyasında qanunverici orqanın bütün darvazaları qıfıllanıb və giriş qapılarında çadırlar qurulub. Bununla yanaşı, parlament binasına aparan yollarda qum və daş qırıqlarının olduğu kisələrdən barrikadalar quraşdırılıb.
Etirazçılar tələbləri təmin edilməyənə qədər parlamentin bloklanmasını davam etdirəcəklərini bildiriblər. Tələblər proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və Mərkəzi Seçki Komissiyanın tərkibinin dəyişdirilməsidir.