Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail-Azərbaycan Dövlətlərarası Komissiyasının sədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin və Xarici İşlər Nazirliyinin “Avrasiya-2” şöbəsinin direktoru İtsax Karmel Kaqan ilə görüşü keçirilib.
Bu barədə Unikal.org-a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan-İsrail arasında sabit dostluq münasibətləri, siyasi, iqtisadi və sosial sahələr üzrə əməkdaşlıq və səmərəli əlaqələrin mövcud olduğu bir daha ifadə olunub.
İsrailin Azərbaycandakı səfirlərinin də iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində çox mühüm rol oynadıqları və Azərbaycana yeni təyin olunmuş səfirin də bu ənənəni səmərəli şəkildə davam etdirəcəyinə əminliyini ifadə edən nazir Azərbaycan səfirliyinin İsraildə açılmasının ən çox arzu edilən məsələ olduğunu deyib.
Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan-İsrail münasibətlərinə böyük önəm verildiyini qeyd edərək, iki dövlət arasındakı çoxşaxəli əməkdaşlığın uğurla davam edəcəyindən əminliyini bildirib. Qeyd edib ki, bu münasibətlərin dayanıqlı və davamlı olmasında yəhudi diasporunun rolu çox mühümdür. Xalqlarımızın tarixində çox ağrılı və unudulmayacaq hadisələrin, o cümlədən Holokost və Xocalı kimi dəhşətli faciələrin yaşandığını, yəhudilərin və azərbaycanlıların belə halların cəmiyyətdə bir daha təkrarlanmaması üçün qarşılıqlı anlaşma şəraitində müəyyən addımlar atmasının vacibliyini, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin ərazi bütövlüyü kimi məsələlərdə İsrailin hər zaman Azərbaycanın yanında olduğunu, bu yanaşmanın aydın və dəyişilməz ifadə edildiyini nəzərə çatdırıb.