“Mən çox istəyərəm ki, xalq artisti Afaq Bəşirqızı millət vəkili olsun. Onu sevirəm. Bunun bağlı hara müraciət etmək lazımdırsa, mən müraciət edərəm, onun yanında olaram. Afaq Bəşirqızının depuat olması vacibdir”.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Röya Ayxan Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkələrdə başladılan aksiyaya münasibət bildirərkən deyib.
Konsertdən öncə jurnalistlərin suallarını cavablayan sənətçi millət vəkili olmaq istəyən həmkarlarından da söhbət açıb: “Faiq Ağayev də, Elza Seyidcahan da deputat olsun. Mənim isə deputat olmaq fikrim yoxdur, yerimdən razıyam”.
Röya “Xalq artisti” fəxri adı almasından da danışıb: “Bir az da yerim möhkəmləndi. Həmişə işimdə məsuliyyətli olmuşam, indi isə daha da artıb. Bir çox şeylərdən qorxurdum. Bu, məni gücləndirdi. İndi onları həyata keçirəcəyəm. Gələn il ən çox teatrlarla bağlı planlarımız var. Bu adı gözləmirdim. Birdən oldu”.
İfaçı fəxri ad almasının birmənalı qarşılanmamasına da münasibət bildirib: “Üzümə heç nə demədilər. Onlar hamısı qorxurlar - üzbəüz gələndə qucaqlayıb, öpürlər. “Ay mənim, əzizim, ciyərim, pomidorum, sərçəm” deyirlər. Bu reaksiyaya normal baxdım. Bu adı gözləmirdim axı. Buna Allahın hədiyyəsi kimi baxıram. Çox xoşbəxtəm.
Onlar həmin adı gözlədiklərinə görə ala bilmirlər. İnsan bir şeyi edir və əmin olur ki, mən bununla partladacağam və sairə, lakin alınmır. Məndə hər şey spontan baş verir. Ədalət Şükürovla yeməkdə idik. Dedim ki, Ədalət, bəlkə “Dedin yox”u oxuyum? Gecə ilə studiyaya gedib, yazdırdıq. Elnurun (Stilist Elnur Həsənov – red.) salonuna getdim, təmir gedə-gedə dedim ki, bu klipi çəkdirməliyəm”.
Sənətçi “Altın Kelebek” mükafatlandırma mərasiminə ikinci dəfə namizəd seçilməsi barədə də danışıb: “Hər il Azərbaycanda olacaq. Nə vaxt müraciət etsələr, “yox” demərəm. Kim qazansa, vaxtım olarsa, onunla bir yerdə gedərəm. Kim də qalib olsa, ona mükafatını təqdim etmək istəyərəm. Namizədlər arasında sevdiklərim: Sevda Yahyayeva, Oksana Rəsulova, Pərvin Abıyeva, Xəyyam Nisanov, Murad Arifdir. Hamısı dostlarımdır, əzizlərimdir. Kaş elə bir tarixdə baş tutardı ki, orada olardım. Bir də başqa birlikləri göstərərdim ki, həmişə mükafatı almağa getmək lazım deyil. Biri alanda, ona dəstək də olmaq lazımdır”.
İfaçı yeni yaradıcılıq planlarından da bəhs edib: “2019-cu ilin sonuna bir klip hazırlayırıq. Bu aralar fotoqrafları çox sevmişəm. Deyirdim ki, burada klip çəkdirmərəm. Bizim fotoqraflar yaxşı inkişaf edib. Buna çox sevinirəm. Baloğlan Əşrəfovun da “Ay uçan quşlar” mahnısını başqa tərzdə oxumuşam. Anam Baloğlan müəllimin sənətini sevir. Deyir ki, demə, mən stadion doldururam, Baloğlan müəllim stadion dolduranda sən yox idin. Onun mahnısını 2020-ci ildə çıxaracağam. Evdə bilirsiniz nə qədər mahnı var? Hakan Erolun bəstəsi “Elə bilirdim” 2015-ci ilin mahnısıdır. Yaxşı mahnıları alıb, gizlədirəm, sonra çıxarıram.
“Crystall Hall”da konsert vermək istəyirəm. Amma istədiyim avadanlığa xeyli vəsait lazımdır. Bu aralar özüm, oğlumla məşğulam. Neçə ildir bir evi tikib qurtara bilməmişəm. Altı ay işləyirik, altı ay iş yoxdur.
O, qardaşı ilə bağlı səmimi açıqlamalar da verib: “Qardaşım İsmayıla müğənnilik fəaliyyətində dəstək oluram. O Türkiyədə böyüyüb, oranın vətəndaşıdır, dünyası başqadır. Məni seçərsə, onunla duet oxuyaram. Kişiyə dəstək lazımdır. Oğlun varsa, oxudacaqsan, işini düşünəcəksən. Qadın o qədər güclüdür ki, öz yolunu seçib bir yana çıxır. Kişilərdə isə bu alınmır. Ondan-bundan xahiş edirdim ki, məni toya aparsın. Demişəm ki, iki il sənə şirkət kimi pul xərcləyəcəm. Sonra özün qazanacaqsan, anam zəng edib məndən pul istəməyək, qardaşım. Mən onun sevinc gözüyaşını görəcəyəm. Analar oğlanlarına düşkün olur. Dedim, o oğlun, o da sən. Oğlun işləyib sənə baxsın”.
Xalq artisti deputat Qüdrət Həsənquliyevin “Müğənnilər 10 min manata toy oxuyub, 30 manat, çəkməci isə 5 manat vergi ödəyir. Haqsızlıqdır” sözlərinə də münasibət bildirib: “Ödədiyimiz vergi 30 manat deyil. Reklamlara da çəkilirik. Pulköçürmələr də dövlət yolu ilə olduğu üçün hamı bilir nə qazanırıq. Qaldı ki, düşünmədən söz danışan millət vəkillərimizə demək istərdim ki, günə dörd toya gedirəmsə, onun üçü işə xərclənir. Buraya çalışanlar, geyimlər və sairə aiddir. Nə deyirlərsə, ödəyirik. Əgər problem varsa, aşkar etsinlər, həll edək, az ödəyiriksə, çox ödəyək”.
“Türkiyə şou-biznesinə qatılmağı təxirə salmısınız” sualını isə R.Ayxan belə cavablandırıb: “Mən orada hansı işi görsəm, cavabı Azərbaycan verir. Çünki buranın müğənnisiyəm. Məni oranın efirində göstərirlər. Burada bahalaşıram. Bunu sizin üçün edirəm. Oranın mediasında özümü tanıtmaq istəyirdim. Bunu da elədim”.
Qeyd edək ki, R.Ayxan konsertdə 4 mahnı səsləndirib. Daha sonra səhnəyə türkiyəli müğənnilər çıxıb.