Avropa Komissiyası Banqladeş və Myanmadakı Rohinca qaçqınlarına 10 milyon avro humanitar yardım ayırıb.
Unikal.org bu barədə Avropa Komissiyasının rəsmi saytında bildirilib.
Ayrılan yardım Banqladeş və Myanmada məskunlaşan Rohinca qaçqınlarına veriləcək.
"Yüz minlərlə Rohinca qaçqınının yaşamaq üçün bu humanitar yardıma ehtiyac duyduğu halda Avropa İttifaqı bu dəstəyi dayandıra bilməz. Bu gün elan olunan əlavə maliyyə dəstəyi Avropa İttifaqının Rohinca qaçqınlarına dəstək məsələsinə sadiq qalmasının əyani nümunəsidir", - deyə Aİ-nin Böhranın İdarə Olunması üzrə Komissarı Canez Lenarcic bildirib.
Əlavə maliyyələşdirmə keyfiyyətli tibbi xidmətin göstərilməsi, Banqladeşdə məskunlaşan və son aylar yaşayış şəraiti daha da pisləşən bir milyon Rohinca qaçqının qidalanma probleminin həllinə yönəldiləcək. Ayrıca, bu il bölgədəki şiddətin artması səbəbi ilə humanitar vəziyyətin daha da pisləşdiyi Myanmanın Raxine əyalətində yaşayan bütün məcburi köçkünlər üçün qida təminatı və onların qorunması təmin ediləcək.
Qeyd edək ki, 2017-ci ildən bəri Aİ həm Myanmada, həm də Banqladeşdə Rohinca böhranından əziyyət çəkənlər üçün 140 milyon avrodan çox yardım edib. Bu yardıma Rohinca əhalisinə (həm uzun illərdir Banqladeşdə məcburi köçkün həyatı yaşayanlar üçün, həm də yeni gələn qaçqınlar üçün) və qaçqınların məskunlaşdığı ərazilərə yaxın məskunlaşan icmalara humanitar yardım aiddir. Aİ sığınacaq, səhiyyə, su və kanalizasiya dəstəyi, qidalanma yardımı, təhsil və qoruma xidmətləri təmin edib.