Avstraliyanın baş naziri Skott Morrison qitədə meşə yanğınlarının yaranması və yayılması səbəblərini araşdırmaq üçün xüsusi kral araşdırma komissiyasının yaradılacağını bildirib.
Unikal.org xəbər verir ki, bu barədə hökumət başçısı ABC-yə müsahibəsində xəbər verib.
Morrison qeyd edib ki, yaxın vaxtlarda o öz kabinetindən təklif qəbul edəcək.
"Düşünürəm ki, bunu etmək lazımdır və mən Nаzirlər Kаbinetinin (komissiyanın yaradılması haqqında-red) təklifini qəbul edəcəyəm", - Morrison deyib.
O, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda federal hokümətin təbii fəlakətlər zamanı ştatların işinə qarışmaq və kömək etmək səlahiyyətlərinin genişləndirilməsi məsələsinə baxılacaq.
Bazar günü gecə ölkənin Viktoriya ştatının şimal-şərq sərhədində yanğının söndürülməsi zamanı daha 1 yanğınsöndürən həlak olub. Beləliklə, Avstraliyada meşə yanğınları qurbanlarının sayı 26 nəfərə çatıb.