Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Qobu, Hökməli, Pirəkəşkül, Güzdək və Aşağı Güzdək kənd və qəsəbələrində ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşüb.
Unikal.org xəbər verir ki, görüşün məqsədinin ödənişli ictimai işlərin düzgün təşkili və bu sahədə şəffaflığın təmin edilməsi olduğunu qeyd edən İ.Gülməmmədova bu istiqamətdə artıq 4 belə görüşün keçirildiyini və ümumilikdə 700-dən çox insanı əhatə etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda müvəqqəti iş yerlərinin yaradıldığını və işsiz sakinlərin də ödənişli ictimai işlərə cəlb edildiyini söyləyən RİH başçısının sözlərinə görə, Abşeron rayonu üzrə bu məqsədlə 770 yeni iş yeri yaradılıb.
“Rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi və bu sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə belə görüşlər bundan sonra da mütəmadi olaraq təşkil ediləcək”. – deyə İ.Gülməmmədova qeyd edib.
İcra başçısı vətəndaşlarla fərdi qaydada söhbətlər aparıb, onların problemləri, qayğıları maraqlanıb. İşçilərə lazimi göstəriş və tapşırıqlarını verib. Ödənişli ictimai işlərə cəlb olunan işçilər də rayon ərazisində yeni iş yerlərinin yaradılması və işlə təmin olunduqları üçün cənab Prezidentə öz təşəkkürlərini bildiriblər.