Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev yanvarın 31-də saat 10:00-da Şirvan rayon Gənclər Evində (Şirvan şəhəri, Naxçıvan küç. 1B) Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Unikal.org bildirir ki, bu barədə DGK-nin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.
Həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Saatlı rayon Gənclər Evində (Saatlı şəhəri, Həsən bəy Zərdabi küç. 71A) Saatlı rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, M.İbrahimov küç. 213) Biləsuvar rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbullar zamanı yalnız Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar rayonlarının və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.