Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül Hatay Valiliyi qarşısında "Uşaqlarım acdır, iş istəyirəm, başa düşmürsünüz?” deyərək özünü yandıran şəxs barədə sosial media hesabında paylaşım edib.
Unikal.org xəbər verir ki, müğənni Tvitter hesabı üzərindən etdiyi paylaşımda bu fikirlərə yer verib: "Çox acınacaqlı mənzərədir. Bu görüntülərə dözmək mümkün deyil. Uşaqlarına çörək apara bilməyən çarəsiz ata özünü yandırıb. Ölkəni soyan azgözlər, bu fağıra yaxşı baxın. Onun adı Adəm Yarıcıdır”.
Qeyd edək ki, cümə günü səhər saatlarında baş verən hadisədə uzun müddətdir işsiz olduğunu dilə gətirən Adəm Yarıcı özünü yandırmışdı. Xəstəxanaya yerləşdirilən A.Yarıcı infarkt keçirərək həyatını itirmişdi.