2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC-nin iki filialı bağlanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, bankın "Premium" və “Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.
Hazırda ASC-nin “Ticarət” filialı “Muğanbank”a satılıb. "Premium" filialının səhimləri isə Baş ofisə köçüb. Bankın filiallarını bağlamasını rəsmi elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.
Qeyd edək ki, yaxın günlərdə daha 4 filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçilərini də təşvişə salıb.
Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.
Bankdan Unikal.org-a iki filialının bağlanması xəbərini təsdiq edib.
11:43
****
13:18
Bank “BTB”-nin "Premium" və “Ticarət” filialı bağlanması və 50-dən çox işçisinin ixtisar olunmasına münasibət bildirib.
Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov Unikal.org-a müraciət edərək bildirib ki, Bank BTB müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır.
“Bank BTB xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artlq intensiv işlərə başlanılıb.
Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən “Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib” – deyə Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirdi.
Fuad Cəfərov əlavə etdi ki, yuxarıda qeyd edilən standartlara cavab verən "Azadlıq" filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır.
Bunlarla yanaşı, bu il Bank BTB üçün əlamətdar ildir, çünki, Bank öz fəaliyyətinin 10 illiyini qeyd edir:
"Fəaliyyətimizin 10 illiyini əhatə edəcək “Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq. Sürətlə böyüyən Bank BTB-nin 2019-cu il maliyyə göstəriciləri ilə yanaşı, işçi sayında da 16% artım müşahidə olunur".
Xəbər verdiyimiz kimi, Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə başa vurub. Bu göstərici 2018-ci ilin xalis mənfəəti ilə müqayisədə 9.7 dəfə çoxdur. 2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri 341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artım deməkdir.
Orxan Həsənliı