21 fevral 2020-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) yeni “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirildi. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BMU-nun təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib.
Unikal.org xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, BMU-nun rektoru, professor Havar Məmmədov, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
“Bakı Mühəndislik Universiteti smart tələbə kartına keçən sayca ikinci ali məktəbdir. Ötən ilin noyabr ayında biz analoji tədbiri UNEC-də keçirdik. Yaxın zamanlarda ölkənin bir sıra ali məktəblərində də smart tələbə kartları təqdim ediləcək. Qeyd edim ki, bu kartlar vasitəsilə tələbələr təqaüdlərini almaqla yanaşı ödəniş kartlarının digər funksiyalarından da istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulub”, - deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirib.
Tədbirin sonunda BMU-nun fərqlənən 20 nəfər tələbəsinə smart tələbə kartları təqdim edildi.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.