“Artıq koronavirus epidemiyasının sosial-iqtisadi təsirləri 2008-2009 qlobal maliyyə böhranı ilə müqayisə edilir. Aydındır ki, 2020-ci ilin ən azı birinci yarısı qlobal istehsalın geriləməsi ilə nəticələnəcək”.
Bu fikirləri Unikal.org-a açıqlamasında iqtisadçı ekspert Əhliman Abbasov bildirib. O bildirib ki, prosesin inkişaf miqyasından asılı olaraq, dünya üzrə işsizlik və inflyasiya səviyyəsində müəyyən artım müşahidə olunacaq:
"Bu isə təbii ki, neft qiymətlərinə pis təsir edəcək və etməyə başlayıb . Resurs iqtisadiyyatları üçün məsələnin biri də bu olacaq. Ancaq inkişaf etmiş dünya ölkələri bu məsələnin iqtisadi xərclərindən daha çox, humanitar xərclərinə kökləniblər. Hesab edirəm ki, bütün iqtisadi xərclər üstlənərək, humanitar krizisin qarşısı alınmalıdır. Ümumilikdə bu epidemiya ölkələrin institutsional inkişafını test edəcək bir şokdur. İnstitutsional inkişafı təmin etmiş ölkələr bu humanitar krizisin nəticələrini nəzarət altına alaraq, minimallaşdıracaqlar. İnstitutsional problemlər yaşayan ölkələr isə məsələyə səmimi yanaşa bilməyəcək, vətəndaşlarına və həm də çevrə ölkələrinə təhdidlər doğuracaqlar”.
İqtisadçı onu da bildirib ki, koronavirusun ölkələrə təsirini iqtisadi və humanitar təsirlər olaraq qruplaşdırmaq olar. Onun sözlərinə görə, epidemiya qlobal istehsala mənfi təsir göstərdiyindən dünya bazarında neft qiymətlərinə mənfi təsir göstərməkdədir:
“Bu da ölkəmizin neftdən əldə etdiyi ixrac gəlirlərini azaldacaq. İxracımızda neft gəlirlərinin mütləq üstünlüyü olduğundan, bu amilin milli valyutamızın da üzərində təyziq yaratmaq ehtimalı var. Bundan başqa, Çindən idxalın həyata keçirilməsində çətinliklərin yaranması da müəyyən məhsulların qiymətində artıma gətirib çıxara bilər. Ancaq nəzərə alaq ki, epidemiyanın bu kimi təsirləri dünyanın müxtəlif yerlərində baş verəcək. Bu baxımdan daha çox bu prosesdə humanitar təsirlərin minimallaşdırılmasına köklənmək lazımdır. Effektiv və çevik preventiv tədbirlərlə epidemiyanın geniş yayılmasının qarşısı alınmalıdır. İctimai resurslardan istifadə edərək insanların virusa yoluxmasının qarşısının alınması, virusa yoluxan insanların müalicəsinin səmərəli təşkilini həyata keçirmək lazımdır. Bu məqsədlə yüksək ixtisaslaşmış mərkəzləri zəruri dərman və infrastrukturla təmin etmək lazımdır. Nəzərə almalıyıq ki, iqtisadiyyata dəyən zərəri bərpa etmək mümkündür, ancaq insan itkisini sonradan geri çevirmək mümkün deyil”.
Elvin Rüstəmov