"Azərbaycanın dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsait çox azdır"
"Kənd təsərrüfatı sahəsində görülən işlər heç bir səmərə vermir, yerli özünüidarəetmə orqanları barədə isə heç danışmaq istəmirəm"
Azərbaycanın 2013-cü il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsaitin 0,62% həddində nəzərdə tutulması həddindən artıq azdır.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Elm və təhsil, Regional məsələlər, Mədəniyyət, Beynəlxalq münasibətlər və xarici əlaqələr, İnsan hüquqları komitələrinin 2013-cü il büdcə layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
"Elm sahəsində mütəxəssislər hazırlanır, avadanlıqlar alınır, amma o avadanlıqları işlətməyə mütəxəssis xaricdən çağırılır" deyən A. Rəhimzadə təklif edib ki, elm və mədəniyyət sahələrinə ayrılan vəsaitlərə yenidən baxılmalıdır: "Bir müğənninin böyrəyinə sancı düşəndə televiziyalar ondan şok açıqlamalar verir, ictimai-elmi təhlillərin aparılmasına isə diqqət yetirilmir".
A. Rəhimzadə qeyd edib ki, kənd təsərrüfatı sahəsində görülən işlər də heç bir səmərə vermir: "Yerli özünüidarəetmə orqanları barədə isə heç danışmaq istəmirəm. Çünki bu barədə çox danışıb yorulmuşam".