Milli Konservatoriyanın məzunu, istedadlı ifaçı Cavahir Abdulova bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Vətən” adlı solo konsert proqramı ilə çıxış edib.
Unikal.org xəbər verir ki, tamaşaçılar ilk olaraq Cavahir Abdulovanın ifasında Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını dinləyiblər. O, elə ilk dəqiqələrdən hamının diqqətini özünə cəlb etməyi bacarıb.
Gözəl ifa tərzi və sənətə hədsiz məhəbbət ilə çoxlarının sevgisini qazanmış Cavahir Abdulova ənənəsinə sadiq qalaraq bu dəfə də ən sevilən mahnıları səsləndirib. Ürəyəyatımlı, məlahətli səsi ilə könülləri oxşayan ifaçı nəyinki tamaşaçıları əla almağı bacarıb, həm də onlara ən yaddaqalan bir konsert proqramı bəxş edib.
Ömrünün 20 ilini “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına bağlayan Cavahir Abdulovanın repertuarında xalq və bəstəkar mahnıları hər zaman yeni çalarlarla, özünəməxsus formada təqdim olunur.
Gecədə ifaçını təbrik edən tanınmış yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova Cavahir Abdulovanın sənət uğurlarından söz açıb, ona yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Canlı ifaları ilə hamının zövqünü oxşayan C. Abdulovanı tamaşaçılar səhnədən alqışlarla yola salıblar.