Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərin son durumu açıqlanıb.
TƏBİB-in Mətbuat Xidmətindən Unikal.org-a bildirib ki, uşaq əməliyyatdan çıxıb.
“O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır. Digər zərərlənən şəxslərin də vəziyyəti ağır-stabil olaraq qalır. Hələlik laboratoriyanın nəticəsi məlum deyil”, - deyə məlumatda bildirilib.
*** 13:10
Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərdən biri ölüb.
TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva Unikal.org bildirib ki, yaşlı qadın – nənə qanda olan dəyişiklikdən beyin qansızması keçirib və o, vəfat edib: “Uşaqlardan biri isə hazırda əməliyyatdadır”.
*** 11:30
Siçan dərmanından zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən ailənin vəziyyəti nəzarət altınadaır.
Unikal.org xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Lent.az -a bildirib ki, onların vəziyyəti ilə bağlı nəsə demək hələ ki çətindir: “3 sutka keçməmiş xəstələrin vəziyyəti ilə bağlı qərar vermək çətindir. Müayinələri aparılıb, hazırda nəzarət altındadırlar. Zəhərlənənlər daxil olanda huşları yerində idi”.
A.Maqsudov onu da bildirib ki, ailənin zəhərlənməsinə səbəb çörək hazırladıqları un olub: “Ailə undan çörək hazırlayıb və yedikdən sonra zəhərlənib. Zəhərlənmə siçan dərmanı yox, una qatılmış qatqıdan baş verib. Çörək hazırlanan həmin undan nümunə götürüləcək və laboratoriya analizi aparılacaq. Bundan sonra həmin qatqının nə olduğu müəyyənləşəcək”.
*** 09:35
Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
Unikal.org xəbər verir ki, Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.
Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.