"Səhhətimlə bağlı hər şey qaydasındadır. Artıq özümü yaxşı hiss edirəm".
Unikal.org xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı Aqil Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la keçirilən oyunun ikinci hissəsində halı pisləşən qolkiper xərəkdə meydanı tərk etmişdi. Məmmədov klubun həkimlərinin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparıldığını bildirib: "Oyun zamanı birdən ürəyim həddən artıq tez döyünməyə başladı. Nəfəs ala bilmirdim. Əvvəlcə paltardəyişmə otağında klubun həkimləri müalicə etdilər. Daha sonra isə Mərkəzi Gömrük Hospitalına aparıldım. Artıq hər şey yoluna düşüb, ciddi bir problem yoxdur. Şükür Allaha, özümü yaxşı hiss edirəm. 1-2 günlük istirahətdən sonra məşqləri bərpa edəcəyəm".
Qeyd edək ki, "Neftçi" - "Sabah" oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.