Rusiya prezidenti Vladimir Putin az əvvəl Dövlət Dumasında çıxış edərək Konstitusiyaya təklif edilən düzəlişlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin səlahiyyət müddətinin uzadılması ilə bağlı konstitusiyaya edilən dəyişikliklərlə bağlı təklifə qarşı çıxıb.

O, sentyabrın 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təklifi dəstəkləməyib, bunu siyasi partiyalar arasında konsensusun olmaması ilə əsaslandırıb.

Putin habelə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulmuş məhdudiyyətin qaldırılması təklifini də dəstəkləməyib. Bildirib ki, gələcəkdə hakimiyyət dəyişikliyinə şərait yaratmaq üçün bu məhdudiyyət qalmalıdır.

Lakin Putin deputat-kosmonavt Valentina Tereşkovanın konstitusiyada prezidentlik müddətinin "sıfırlanması", yəni düzəlişlərin qüvvəyə minməsindən sonra indiki prezidentin də yenidən namizədliyini irəli sürməsi imkanının yaradılması (bu isə o deməkdir ki, Putin 2024-cü ildən sonra yenidən iki müddət, yəni 12 il prezident ola biləcək) təklifinin əleyhinə çıxmayıb.

Deyib ki, bu məsələyə ancaq Konstitusiyaya Məhkəməsi indiki düzəlişləri nəzərdən keçirib qərar verməlidir. Konstitusiya Məhkəməsinin də həmin variantı dəstəkləməsi şübhə doğurmadığından Putin nəzəri olaraq 2038-ci ilə qədər Rusiyanı idarə edə bilər.(virtualaz.org)