Prezident İlham Əliyevin koronavirus böhranının iqtisadiyyatımıza mənfi təsirinin azaldılması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq yaradılan dörd işçi qrupu tam gücü ilə fəaliyyət göstərir.
Unikal.org xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ilk olaraq pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrupunun öz təkliflərini müvafiq qaydada təqdim etməsi gözlənilir.
Vüsal Qasımlının sözlərinə görə, artıq pandemiyadan zərər çəkən sektorlar ilkin olaraq müəyyənləşdirilib, eyni zamanda, bu sahələrdə olan sahibkarların siyahısı üçün meyarlar üzərində iş gedir. Turizm, ictimai iaşə, ticarət, nəqliyyat və s. sahələr də daxil olmaqla 12 sektor ilkin olaraq müəyyənləşdirilib. Bu zaman obyektiv təhlillər və sahibkarların rəyləri əsas götürülüb. Qlobal şokların təsiri altında sahibkarların üzləşdikləri çətinliklər, o cümlədən, vergi, gömrük, icarə, kredit və s. sahələrdə dəstək mexanizmləri müzakirə olunur.
Vurğulanıb ki, qlobal iqtisadiyyat pandemiyanın təsiri altında resessiyaya daxil olub və böhranın nə zaman bitəcəyi dəqiq bilinmir. Buna görə də Azərbaycan biznesinə dəstək tədbirləri təkcə qısamüddətli dönəmi deyil, həm də ortamüddətli dövrü əhatə edəcək. Ölkə iqtisadiyyatı qısamüddətli dönəmdə dayanıqlılığını saxlamaqla yanaşı, ortamüddətli dönəmdə - post-koronavirus dövründə davamlı inkişafını təmin etməlidir. Qlobal şokların mənfi təsirinə baxmayaraq, neft kimyası, qaz kimyası, aqrar sektor, informasiya və rabitə xidmətləri ilin əvvəlindən ikirəqəmli artım tempi göstəriblər. Bu ildən ölkədə təbii qaz hasilatı da sürətlə artmağa başlayacaq. Bütün bu sahələr multiplikativ effekt yaradaraq dəyər zənciri üzrə digər sahələrin inkişafını şərtləndirə bilər. Beləliklə, resessiyaya daxil olan sahələrlə yanaşı, ayaqda dayanan sektorlarımızın hesabına iqtisadi artımın kəskin düşməsinin qarşısını almaq olacaq.
Qeyd edilib ki, pandemiyadan zərərçəkən sahələrdə muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək. Zərərə düşən müəssisələr işçiləri kütləvi ixtisar etməsinlər. Eyni zamanda, məşğulluq tədbirləri həyata keçiriləcək. Özünüməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsi genişləndiriləcək. Aztəminatlı insanların böhranın təsirindən qorunması üçün əlavə tədbirlər görüləcək: “Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti qlobal şoklarla mübarizəni neftin hər barel üçün 30 dollardan aşağı qiyməti şəraitində, başqa sözlə, büdcədə nəzərdə tutulan proqnozdan iki dəfə aşağı qiymət səviyyəsində aparır. Belə şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması hökumətin diqqət mərkəzindədir. Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılan İşçi Qrupu iki ay müddətində bank sektoruna və makroiqtisadi mühitə ehtimal olunan mənfi təsirləri qiymətləndirəcək. Bunun əsasında manatın sabitliyi və inflyasiyanın nəzarətdə saxlanılması üçün əlavə tədbirlər görüləcək. Dünya iqtisadiyyatı ilk dəfə olaraq bu qədər dərin resessiya və pandemiya ilə eyni vaxtda qarşılaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı bu sınaqdan uğurla çıxıb rəqabət qabiliyyətini artırmaq əzmindədir. Bunun üçün dövlət-biznes-əhali həmrəyliyi vacibdir”.