Hazırda dünyanı cənginə alaraq yüz minlərlə insanın yoluxduğu və minlərlə insanın həyatına son qoyan koronavirusa qarşı mübarizə aparılır.
Ölkə başçısının müvafiq çağırışına Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da bu işdə dövlətə dəstək verməyə başlayıblar. Belə ki, , koronavirus pandemiyasına qarşı mübarizədə öz töhfələrini verən ayrı-ayrı biznes qurumları, sahibkarlar Prezidentin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb və bu proses davam etməkdədir.
Unikal.org xəbər verir ki, Azərbaycanın cənub bölgəsində ən iri turizm obyektlərindən biri olan “RELAX” istirahət mərkəzi isə prosesdə fərqli bir üsulla iştirak etməyi qərarlaşdırıb. Belə ki, artıq neçə gündür ki, istirahət mərkəzi karantin mərkəzinə çevrilib.
Mərkəz rəhbərliyi Nazirlər Kabineti yanındakı Operativ Qərargaha və aidiyyatı orqanlara müraciət edərək “Relax”ın karantin mərkəzinə çevrilməsi təşəbbüsü ilə çıxış edib. Operativ Qərargah bu təşəbbüsü müsbət qarşılayıb və artıq istirahət mərkəzinin karantin mərkəzinə çevrilməsi üçün bütün lazımi tədbirlər görülüb. Onu da qeyd edək ki, artıq Səhiyyə Nazirliyinin infeksion xəstəliklərlə mübarizə həkim dəstəsi bu mərkəzdədir. 60-dan artıq həkim karantində nəzarətə alıtna alınan insanlara xidmət etmək üçün mərkəzə cəlb edilib. Həkimlər təkcə karantində olan insanlara xidmət göstərmirlər, onlar cənub bölgəsində virusun monitorinqini həyata keçirir və cəmiyyətdə maarifləndirmə işləri aparırlar.
Məlumat üçün bildirək ki, hazırda 100-dən artıq xarici ölkədən, xüsusən də Rusiya və Türkiyədən gələn vətəndaşlarımız “Relax” istirahət mərkəzindəki karantin mərkəzində nəzarət altındadır.
“Karantin nəzarətinə alınan elə ailələr var ki, onlar azyaşlı körpələri ilə bura yerləşdiriliblər. Biz həmin ailələri təmənnasız olaraq lazım olan uşaq qidası, uşaq bezləri, zəruri geyimlərlə təmin edirik. Bilirsiniz ki, istirahət mərkəzlərində xeyli sayda katejlər var və karantinə yerləşdirilən ailələr həmin katejlərə yerləşdirilir. Bu katejlər təhlükəsizlik baxımından da münasibdir. Yəni onlar bir-birindən 20 metr məsafədə yerləşir. Biz xarici ölkədən təxliyyə edilən vətəndaşlarımıza karantində daha yaxşı xidmət göstərilməsi üçün əlimizdən gələni etməklə ölkə başçısının çağrışılarına öz töhfəmizi, dəstəyimizi verməyə çalışırıq. Respublikada fəaliyyət göstərən turuzm şirkətlərini və obyektlərinə ölkə başçısının çağırışına qoşularaq, koronavirus pandemiyasına öz töhfələrini verməyə, səsləyirik” – deyə Mərkəz rəhbərliyi bəyan edib.