İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə bir çox iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Unikal.org Nazirlər Kabineti Yanında Operativ Qərargaha istinadən xəbər verir ki,  aşağıda adları qeyd olunan iş və xidmət sahələri 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır:

• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

• Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də  mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• Fərdi mənzillərdə təmizlik xidmətləri;

• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).