Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Bakı şəhərinin Binəqədi , Nərimanov və Xətai rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydlər keçirilib.

AQTA-dan Unikal.org-a verilən məlumata görə, reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Keçirilən monitorinqlər çərçivəsində koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd edək ki, bu tədbirlər çərçivəsində AQTA hazırda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri aparır. Agentlik tərəfindən indiyədək bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.