Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et" şüarı altında layihəyə start verilir.
Unikal.org-un məlumatına görə, layihə çərçivəsində ilk olaraq Beynəlxalq Şahmat Federasiyasının və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kuboku təşkil olunacaq.
"Chess24.com" portalı üzərindən keçiriləcək yarışa qeydiyyat 15 aprel, saat 22:00-da başa çatacaq. Yarış aprelin 16-da saat 19-da start götürəcək.
İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3 000 manat qazanacaq.
Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 AZN əldə edəcək. Eyni zamanda 16 yaşadək olan və FIDE əmsalı 2 200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.