Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.

Lakin ölkədə tətbiq edilmiş xüsusi karantin dövründə həm təhlükəsizliyimizi qoruyan, həm cinayətkarlıqla mübarizə aparan, həm də karantin rejimindən sui-istifadə edərək  bu qaydaları pozan, xəstəliyin yayılmasına səbəb olmaqla həm həkimlərimizin, həm də dövlətimizin bu sahədə yükünü artıran şəxslərə qarşı  barışmaz mövqe nümayiş etdirən polislərimizin əməyini necə qiymətləndiririk?! Şübhəsiz ki, ölkə vətəndaşlarının çoxu bunu  yüksək qiymətləndirir, dəyərləndirir və alqışlayır. Təəssüflər olsun ki, az sayda olsa da  yenə də həm ölkədə, həm də xaricdə  oturub  ölkəmizin hər bir sahədəki uğurlarına kölgə salmaq istəyənlər indi də  ara-sıra polislərimizə böhtan atmaqla məşğuldurlar. 

Guya polis karantin rejimindən sui-istifadə edərək  cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini həbs edir. O zaman sual olunur: Hanı bu həbs edilmişlər?! Kimlərdir?! Hansı şəraitdə  həbs edilib və ya cərimələnib?!

Qeyd edim ki, bizə, hüquq müdafiəçilərinə, hüquq-müdafiə təşkilatlarının Monitorinq Qrupunun üzvlərinə hər hansı qanunsuz həbs və cərimə tətbiqi ilə bağlı şikayət daxil olmayıb. Ötən gün Daxili İşlər  Nazirliyinin açıqlamasında bəlli oldu ki, təkcə mart ayında xüsusi  karantin rejimi faktının pozulmasına görə 5  cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb edilib, 154 nəfər inzibati qaydada həbs edilib. 33 mindən çox  şəxs barəsində digər tənbeh tədbirləri görülüb. Rəqəmlərə fikir verəndə məlum olur ki, 33 mindən çox tədbirlərin görülməsi üçün minlərlə polis və  daxili qoşun hissələrinin əsgər və zabitlərinə nə qədər əziyyət vermiş olmuşuq. Niyə?! Nə üçün?!

İlk gündən Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu mübarizəyə qarşı Operativ Qərargah yaradılıb. Milyardlarla vəsait ayrılıb. Vətəndaşlarımızın  sosial və iqtisadi problemlərinin həlli istiqamətində  müəyyən İşçi Qruplar yaradılıb. Eyni zamanda  Ali Baş Komandan televiziya ilə bizə müraciət edərək “evdə qalın” deyir, göstəriş verir. Əslində, Ali Baş Komandanın  bu göstərişi hər birimiz üçün  əmr kimi başa düşülməlidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət edərək deyir ki, belə bir zamanda şəfqət, məhəbbət, humanizm xoş əməllər göstərməyə, hamını həmrəy olmağa və evdə qalmağa çağırıram. Gəlin  bunu da unutmayaq ki, koronavirusla mübarizədə Azərbaycan özünün Nümunəvi Modelini yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməaində Azərbaycanı koronavirusla mübarizədə öncüllərdən biri kimi qeyd edir.

Ölkə vətəndaşlarının  böyük əksəriyyəti həm ölkə başçımızın, həm də Birinci vitse-prezidentimizin çağırışlarına əməl etdikləri halda, müəyyən sayda insanların nəinki evdən çıxmaları, onların bu hərəkətlərinin qarşısını almalı olan  polisimizin fəaliyyətinə böhtan atmaqları heç bir mənəviyyata sığmayan haldır. Polis qayda pozan vətəndaşı saxlayarkən heç kimin alnına əqidəsi,  siyasi mənsubiyyəti yazılmayıb ki, yoxlama zamanı ayrıseçkilik etsinlər. Bir də niyə  etsinlər?! Axı qanun qarşısında istər iqtidar, istərsə də müxalifət hamı bərabərdir və eyni cür məsuliyyət daşıyırlar.

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin  təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük.  Onlar  bizim təhlükəsizliyimizi qoruyarkən həm də özlərinin  sağlamlıqlarını və həyatlarını təhlükə altına ataraq minlərlə insanla təmasda olurlar. Belə vəziyyətdə onlara görə Allaha dua etmək əvəzinə, böhtan atılması allahsızlıqdır. Onlar da bizim balalarımız, qardaşlarımızdırlar. Gəlin, polisimizi qoruyaq! Onlara əlavə əziyyətlər verməyək!

Allah Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi  və polisimizi qorusun! Allah xalqımızı və bəşəriyyətimizi  bu bəladan qorusun!

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, Çingiz Qənizadə