"Görülmüş bu qədər işlərin fonunda çox təəssüf ki, cəmiyyətdə məqsədsiz- məramsız həyat sürən tüfeyli və radikal müxalifət dairələri öz ampulalarına sadiq qalaraq şər- böhtan kampaniyalarından geri qalmadılar".

Unikal.org xəbər verir ki, bu sözləri hakim partiyanın saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib. 

O deyib: " Onlar “ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar “ kimi üzdəniraq siyasət fəlsəfələrinə uyğun olaraq, Azərbaycan hakimiyyətinin əhalimizi qorumaq üçün aldığı karantin tədbirlərini tənqid etməyə, bu addımlara ehtiyac olmadığına inandırmağa çalışdılar. Lakin, bütün dünyada alınan karantin tədbirlətinin  hətta fövqaladə vəziyyət və komendant saatına qədər ciddiləşdiyini görəndən sonra, bu dəfə də hakimiyyəti yetərli tədbirlər almamaqda günahlandırdılar. Həqiqətən də tragikomik mənzərədir. Cəmiyyət həyatına aid heç bir sahədə ciddi bir proqrama, alternativ planlaşdırmalara malik olmayan radikal müxalifət bu dəfə də fövqəladə vəziyyətin yaratdığı imtahandan keçə bilmədi, hər zamanki kimi sinifdə qaldı. “ Narıncı inqilabların” bir sıra  şərqi Avropa  və post- sovet ölkələrində yaratdığı böhrana və onların məruz qaldığı ərazi itkilərinə məhəl qoymayaraq “ narıncı” geyinib küçələrə çıxan, yaxın şərqin sabit ölkələrini vətəndaş müharibəsi və xaosa sürükləyərək viran qoyan “ərəb baharından” təsirlənib öz ölkəsini də belə vəziyyətə salmağa çalışan bir müxalifətə milli demək olarmı? Xalqımız onların adını çoxdan verib- xəyanətkar.

Bəs öz ölkəsinə qarşı bu qədər kin-küdurətin səbəbi nədir? Öz ölkəsi haqqında xaricə donos yazan Əli Kərimlilərin, Avropaya və ABŞ-a qaçan Cəmil Həsənlilərin, Qənimət Zahidin, erməni mənşəli Arif Məmmədovun, İsa Sadıqov kimi dostlarının ordan hədyan yağdıran çirkin fikirlərini diqqət yetirsək, cavab aydın olacaq. Necə deyərlər, dostunu göstər, kim olduğunu söyləyim. Erməni olduğu üçün Azərbaycandan qaçmağa məcbur olduğunu deyib, buna uyğun sənədlər düzəldib ölkədən qaçan Ramiz Yunus bunlardan biridir. Özünü vətənpərvər hesab edən müxalifətçiləri görəsən bu anadangəlmə reneqat Yunuslarla nə birləşdirir? Ermənidən mədət uman bir müxalifət Azərbaycana lazımdırmı?  Fikrimcə onlar əvvəlcə bu sualların cavabını axtarsalar daha yaxşı olardı. Bəlkə o zaman Azərbaycan xalqının nəzərində niyə heç bir nüfuza sahib olmadıqlarını dərk etdilər.

Osmanqızı isə başqa bir faciəvi fiqurdur. Mərhum atası ermənilər tərəfindən qətlə yetirilən (Ramiz Yunusun dayıları tərəfindən) bu xanım 5-ci kolonun ruporuna çevirilərək erməni dəyirmanına su tökür. Hətta bir çox məsələlərdə Ermənistanı Azərbaycanla müqayisə edərək düşmən ölkəni üstün tutur. COVİD-19 qarşı alınan tədbirlərdə Ermənistanı Azərbaycandan öndə olduğunu bildirən osmanqızılar, yunuslar  adi statistikanıda unudurlar. Belə ki, Azərbaycan əhalisi Ermənistandan 3,5 dəfə artıq olsa da, viruslu xəstə sayı demək olar ki, bərabərdir. Test keçirilən vətəndaş sayı isə bizdə onlardan 10 dəfə artıqdır. Düşmən ölkənin bir sıra ekspertləri həyacan təbili çalaraq, karantinə görə izolyasiya şəraitinə məhkum olan Ermənistanın fəlakət qarşısında olduğunu  bəyan edirlər. Hətta onların baş naziri də bunu etiraf etməyə məcbur olur. Görünür bizim radikallar Ermənistanı ermənilərdən çox sevirlər. Nə demək olar?  Fikrimcə sual ritorikdir".