“Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumunu ağırlaşdırdığı indiki şəraitdə hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən  çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsini stimullaşdırdı”.

Bu fikirləri  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Unikal.org-a açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən  müvafiq Sərəncamın imzalanması, 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın təsdiqi və icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, bu əsaslara söykənərək genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqləyir: “Dövlətin əsas məqsədinin, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahı olduğundan genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu kimi məqamlara xüsusi diqqətin yönəldilməsi bir daha Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını əsaslandırır. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq qısa zamanda, cəmi iki həftə ərzində maska istehsal edən  müəssisənin istifadəyə verilməsi dövlətimizin əhalinin sağlamlığının təminatında nə qədər maraqlı olduğunu, yoluxma hallarının qarşısının alınmasına səy göstərdiyini bir daha nümayiş etdirdi. Təbii ki, bu kimi mühüm addımların atılmasında ölkəmizin iqtisadi imkanları əsas yer tutur.

Vüqar Rəhimzadə xüsusi vurğulayıb ki, neftlə zəngin çox ölkələr var, amma onlarda bu resurs heç də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi sürətli xarakter alır: “Lakin Azərbaycanın öz iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun işləyib hazırlaması bu problemi yaşamamasını şərtləndirdi”.