"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, bu qorxunc xəstəliyin fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür. Bütün cəmiyyətimizin bu tədbirlərə dəstək verməsi xalqımızın həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir. Bütün dünyanı öz cənginə alan koronavirus pandemiyasına qarşı ən yaxşı mübarizə Azərbaycanda aparılır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu tədbirlər dünya ölkələri üçün də nümunədir”.

Bu firkiləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib. 

Millət vəkili bildirib ki, məhz, cənab Prezidentin qərarı ilə koronavirus pandemiyasına qarşı önləyici tədbirlərin daha tez həyata keçirilməsi bu virusun ölkəmizdə geniş yayılmasının qarşını alıb: 

“Diqqət edirsinizsə, istər virusa yoluxma, istər ölüm sayı ətrafdakı ölkələrlə müqayisədə Azərbaycanda çox aşağıdır. Bunun səbəbi odur ki, Azərbaycan Prezidentin daha çevik qərarlar verərək, önləyici tədbirləri reallaşdıraraq, buna nail olub. Müasir klinikanın, onun ardınca tibbi maska zavodu istifadəyə verilməsi də bu siyasətin nə qədər düşünülmüş və genişmiqyaslı olduğunu göstərir. Hər bir vətəndaş dövlətin diqqətindədir. Bunu Prezidentimiz də hər çıxışında xüsusi vurğulayır. Hər birimiz də gündəlik həyatda bunun şahidi oluruq”.

Ağalar Vəliyev onu da qeyd edib ki, karantin dövründə vətəndaşların dövlətin qayğısına alınması da mühüm addımlardandır. Millət vəkili deyib ki, Prezidentin tapşırığı ilə sosial durumu ağır olan vətəndaşlara yardım edilməsi, eləcə də karantindən zərərçəkən sahibkarlara dəstək verilməsi təqdir olunmalıdır: “Bütün bu addımlarla dövlət xalqın yanında olduğunu sübut elədi. Verilən qərarlar onu göstərir ki, heç kim dövlətin qayğı siyasətindən kənarda qalmayacaq. Artıq minlərlə işsiz insana yardım edilib. Onlar müvafiq formada 190 manatlıq kompensasiyanı almağa başlayıblar. Bundan əlavə, yüz minlərlə insana yardımlar edlir. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşının yanında olduğunu və ona lazım olan dəstəyi verdiyini göstərir.  Bu gün bizim hər birimizdən yüksək vətəndaşlıq məsuliyyəti, birlik və həmrəylik nümayiş etdirməklə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına ciddi şəkildə əməl etmək tələb olunur. İnanıram ki, bu sınaqdan dövlət və xalq olaraq, daha az itkilərlə çıxacağıq, çünki cənab Prezidentin təbirincə desək, “biz birlikdə güclüyük”.

Murad İbrahimov