Respublikaçı Alternativ Partiyası İlqar Məmmədovun bəraət alması ilə bağlı məlumat yayıb.

Unikal.org xəbər verir ki, məlumatda bildirilir ki, bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almaları Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi bir hadisədir. O, qanun aliliyinin təmin edilməsində yeni, çox müsbət presedentlər yaradır.

Sözü gedən işlər göstərdi ki, geniş mənada Azərbaycan milli qanunvericiliyi insan haqlarının və fundamental azadlıqlarının qorunmasında son nəticədə səmərəlidir. Avropa İnsan Haqları Konvensiyasının həmin tərkibə daxil olması bu səmərəni artırır. Bundan sonra qərarların verilmə sürəti baxımından siyasi və hüquqi tədbirlərin həyata keçirilməsi daha da fəallaşdırılmalıdır ki, bu səmərə daha da artırılsın.

Ayrıca qeyd etməliyik ki, Ali Məhkəmədən öncə azərbaycanlı hakimlər - Xanlar Hacıyev və Lətif Hüseynov - hər iki işdə ədalətli mövqedən çıxış edərək İlqar Məmmədovun və Rəsul Cəfərovun xeyrinə Avropa Məhkəməsində qəbul olunan qərarların lehinə dəfələrlə ardıcıl olaraq səs veriblər.

REAL partiyası olaraq onu da nəzərdan qaçırmırıq ki, bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir.

Bu yolda bizə dəstək olmuş partiya üzvlərimizə, vəkillərə və geniş ictimaiyyətə bir daha təşəkkürümüzü bildiririk.