“Azərbaycan Prezidentinin son dövrlər apardığı islahatlar göz önündədir. Dünən baş prokrorun dəyişdirilməsi, ondan əvvəl bir sıra yüksək vəzifələrdəki şəxslərin işdən çıxardılması və yeni gənc kadrlarla əvəzlənməsi islahatların tərkib hissəsidir”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov bildirib. O deyib ki, ölkədə həyata keçirilən dəyişikliklər müxalifət qüvvələri tərəfindən müsbət qarşılanır: “Uzun illər baş prokuror olan Zakir Qaralov Kamran Əliyevlə əvəzləndi. Bundan əvvəl də analoji dəyişikliklər həyata keçirilmişdi. Müsbət haldır ki, ölkə başçısı kadr islahatları deyil, siyasi islahatların aparılması istiqamətində müvafiq addımlar atır. Belə ki, ölkə başçısının tapşırığı ilə bir sıra müxalifət partiyaları ilə ilkin təmaslar baş verib. Bildiyiniz kimi, artıq əvvəlki dövrlərdən fərqli olaraq müxalifət-iqtidar arasında kəskin münasibətlər yoxdur. Hakimiyyət ölkədə siyasi islahatların həyata keçirilməsi müstəvisində müxalifətlə əməkdaşlığa üstünlük verir. Bu günlərdə bir neçə müxalifət liderinin səhhəti ilə bağlı yaranan problemlərin aradan qaldırılması və xərclərin ödənməsi üçün  şəxsən prezidentin özü göstəriş vermişdi. Bunun özü müsbət haldır və  biz bunu yüksək qiymətləndiririk”.

Partiya sədri onu da nəzərə çatdırıb ki, ölkədə həyata keçirilən bir sıra dəyişikliklər də müxalifət  tərəfimizdən müsbət qarşılanır. “Ümid edirik ki, ölkə başçısının dəyişiklik siyasəti davamlı olacaq və bunun nəticəsi cəmiyyətimizin inkişafına təsir edəcək. Təbii ki, müxtəlif problemlər var və biz bu problemlərin də həllini istəyirik. Yəqin ki, qarşıdakı dövrdə lazımi addımlar atırlar”.

Gülayə Məcid