“Mahir Quliyev qısa müddət ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, vəzifə saxtakarlığı və s. maddələrlə həbs edilən 4-cü icra başçısıdır. Heç kim inkar etmir ki, Azərbaycanda korrupsiya, rüşvətxorluq halları geniş yayılıb. Bunun bir çox səbələri vardır”. 

Bu fikirləri Unikal.org-a açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib ki, əsas səbəblər kimi, qohumbazlığı, hakimiyyət orqanlarında, icra strukturlarında işləyənlərin mütləq əksəriyyətinin qohumluq əlaqələrinə malik olduqlarını, bir-birinə "söhkənərək" cəzasız qalacaqlarına bel bağlamalarını, məsuliyyət hissini itirdiklərini qeyd etmək olar. 
Partiya sədri bildirib ki, hər şeydən göründüyü kimi, artıq Prezident İlham Əliyev də bunun fərqindədir: “Ona görə də, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, səhlənkarlıq, qohumbazlıq kimi halların aradan qaldırılması, heç olmasa minimuma endirilməsi üçün, əsasən,  2019-cu ildən etbarığən ölkəmizdə ciddi tədbirlərə start verilib. Bu günlərdə YAP icra katibinin müavini, millət vəkili  Siyavuş Novruzov da qeyd edib ki,  korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin, bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır. Hər şeydən göründüyü kimi, Azəraycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da davam edəcəkdir. Fikrimizcə, Azərbaycanın yeni Baş prokurorunun təyin edilməsi bu sahadə ciddi dönüş yaratmağa imkan verəcəkdir. Ancaq, nəzərə almaq lazımdır ki, korrupsiya, rüşvətxorluq, səhlənkarlıq kimi neqativ hallar nəticədir. Bu kimi halların qarşısının alınması üçün onları doğuran səbəbləri aradan qaldırmaq lazımdır. 
Korrupsiya, rüvətxorluq bir bəladır. Bu bəlaya düçar olmamuş heç olmasa, bir icra strukturunun olmasının özü də inandırıcı deyil. Ancaq ən acınacaqlı hal odur ki, həbs edilən icra başçıları işsiz insanlara verilməsi nəzərdə tutulan yardımları, müvəqqəti iş üçün nəzərdə tutulan vəsaitləri mənimsəyiblər. Fikrimizcə, bu, insanlığın ən son, aşağı həddidir”.

Murad İbrahimli