Fransada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 24 760 nəfərə çatıb, son bir gündə isə 166 nəfər ölüb.

Unikal.org "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Cümə günü 24 594 ölüm və 130 185 nəfərin virusa yoluxduğu bildirilirdi.

“Martın 1-dən bəri 24 760 nəfərin öldüyünü təəssüflə bildiririk. Xəstəxanalarda 15 487, qocalar evlərində isə 9273 adamın öldüyü qeyd edilir”, - məlumatda belə deyilir.

Xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir. Hazırda 25,8 min insan xəstəxanalardadır. Son 24 saat ərzində 453 xəstə xəstəxanalara qəbul edilib. Hazırda koronavirusa yoluxmuş 3827 xəstə reanimasiyadadır.

Epidemiya başlayandan bəri təxminən 92,5 min insan xəstəxanaya yerləşdirilib. 50,5 mindən çoxu sağalıb və xəstəxanadan buraxılıb.