Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. 

Prezident İlham Əliyev Zirvə görüşündə açılış nitqi söyləyib. Sammitdə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları da çıxış edərək fikir mübadiləsi aparıblar. 
Bu barədə Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Sahib Alıyev videokofransın mühüm bir görüş olduğunu bildirib. Millət vəkili qeyd edib ki, bu Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə keçirilən mühüm bir tədbirdir: "Prezident İlham Əliyevin təşəbbüsüylə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən bugünkü Zirvə görüşündə Azərbaycanın Dünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırdığı açıqlandı. Bu vəsait bizimlə razılaşdırılmaqla panemiyadan əziyyət çəkən və ən çox yardıma ehtiyac duyan Afrika, Asiya, Latın Amerikası regional qruplarındakı üzv ölkələrə çatacaq. Yəni hansı ölkələrə yardım verilməli olduğunu Azərbaycan müəyyənləşdirəcək. Koronavirusla mübarizə çərçivəsində Dünya Səhiyyə Təşkilatına ayırdığımız 10 milyon dollar cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycanın qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən etibarlı dövlət olduğunu göstərməklə yanaşı, yumşaq güc potensialımızın artmasına da heç şübhəsiz ki, təsirsiz ötüşməyəcək”. 

Millət vəkili onu da qeyd edib ki, bu qəbildən olan addımlar beynəlxalq tədbirlərdə ölkəmizin maraqlarına cavab verən qərarların qəbulunda öz müsbət rolunu oynayır və oynayacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib.

Murad İbrahimov