“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzu, beynəlxalq aləmdə oynadığı rol artacaq”.

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O qeyd edib ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü tarixi bir hadisədir:

“BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi ölkəmizin dünyada, eləcə də regionda olan yüksək nüfuzunun göstəricisidir. Dünyanı bürüyən pandemiya şəraitində bu görüş innovativ yeniliklərə əsaslanaraq videokonfrans şəklində keçirildi. Bu təcrübə Azərbaycan üçün ilk deyildi. Bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdi. Bugünkü zirvə görüşündə Cənab Prezident İlham Əliyev dünyanı bürüyən  COVID-19 qlobal pandemiyasına qarşı bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət etdi. Ölkə başçısı Azərbaycanda koronavirusla mübarizdə görülən qabaqlayıcı tədbirlər, atılan addımlar barədə məlumat verdi. İlham Əliyev əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsi, xəstələrin sağalma dinamikası, xüsusi karantin rejimindən çıxış planı barədə fikirlərini bölüşdü. Pandemiya şəraitində ölkələrimiz arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi barədə öz təkliflərini verdi. Eyni zamanda, ölkə başçımız tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin paylaşılması, ehtiyacı olan ölkələrə yardım göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söylədi”.

Millət vəkili onu da nəzərə çatdırıb ki, bu gün doğrudan da “COVID-19” qlobal pandemiyasına qarşı Azərbaycan hökümətinin atdığı addımlar digər ölkələr üçün nümunədir: “Azərbaycan bu virusdan dünyasını dəyişənlərin sayına görə ən aşağı göstəriciyə malik ölkələr sırasındadır. Dövlət və qeyri-dövlət sektorunda çalışan işçilərin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. İşsiz şəxslərə dövlət tərəfindən 190 manat birdəfəlik ödəmənin verilməsi, ictimai iş yerlərinin yaradılmasının nəzərdə tutulması, sahibkarların və vətəndaşlarının götürdüyü kreditlərə dəstək, vergi güzəştləri digər ölkələr üçün yüksək bir nümunədir”.

Famil Fərhadoğlu