“Pandemiyanın ölkəyə idxal edildiyi dövrdən Azərbaycan dövləti ölkə iqtisadiyyatına və insanların sağlamlığına qarşı vurduğu ziyanı aradan qaldırmaq məqsədilə kifayət qədər işlər görülüb.  Dövlət tərəfindən sosial izolyasiya tədbirləri həyata keçirilərək insanların sağlamlığı qorunur. Bu isə əslində iqtisadi aktivliklə tərs mütənasibdir. Bu vaxtı iqtisadi aktivlik aşağı düşür. Digər tərəfdən isə Azərbaycan iqtisadiyyatında dominant rol oynayan neftin qiymətinin aşağı düşməsi, ölkənin sərhədlərinin bağlı olması səbəbindən ticarət əlaqələrinin zəifləməsi ölkədə iqtisadi aktivliyin aşağı düşməsinin əsas səbəbləridir”.

Unikal.org xəbər verir ki, bu sözləri Milli Məclisini bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Mahir Abbaszadə deyib. M. Abbaszadə dünya iqtisadiyyatında da son 80 ildə görünməyən mənfi aktivliyin müşahidə olunduğunu bildirib. 

Millət vəkili Azərbaycan dövlətinin sahibkarlıq subyektlərinin qorunub-saxlanmasına, pandemiyadan sonrakı dövrdə sahibkarlığın Azərbaycan iqtisadiyyatında aparıcı rolunu təmin etmək məqsədilə dövlət tərəfindən kifayət qədər addımlar atıldığını da diqqətə çatdırıb: “Mart ayının 19-dan ölkəmizdə 4 əsas istiqamət üzrə 20 sahəni əhatə edən dövlət başçısının verdiyi sərəncam bütövlükdə bu iqtisadiyyatın qorunmasına xidmət edən məsələlərdir.  Vergilər Məcəlləsində dəyişikliklərlə əlaqədar əsas məsələlərdən biri sahibkarların fəaliyyət göstərmədiyi halda əmlak və torpaq vergisi verilməsi ilə bağlı qəbul olunan qanunla onların bu vergilərdən azad olunması bir daha göstərir ki, Azərbaycan dövləti sahibkarların qorunması ilə bağlı addımlarını atmaqdadır.
O, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yığılan vəsaitlərdə sahibkarların mühüm rol oynadığını da vurğulayıb: “Fonda vəsaitlərin yığılmasında aparıcı rollardan biri ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektləridir. Bilirsiniz ki, ölkəmizdə bu virusun aradan qaldırılması ilə bağlı yardımlaşma prosesi gedir. Bütün təşkilatlar əhaliyə edilən yardımları davam etdirməkdədir. Təklif edərdim ki, həm edilmiş yardımlar, həm də fonda ödənilmiş vəsaitlər vergilərdən azad olunsun. Bu, sahibkarları fonda vəsait köçürmələrində və insanlara yardım etməkdə həvəsləndirəcək. Digər tərəfdən, ənənəni davam etdirərək sahibkarlar öz işlərində bunu əsas məqsəd kimi nəzərdə tutacaqlar".

Hüseyn İsgəndərov