ABŞ-ın Nyu-York şəhərində fövqəladə vəziyyət rejimi iyunun 6-dək uzadılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə qərarı Nyu-York ştatının qubernatoru Endryu Kuomo brifinqdə açıqlayıb.

Həmçinin də, Endryu Kuomo,  martın 7-dən mayın 15-dək tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin ötən həftə Nyu-Yorkda koronavirusun əlamətlərini göstərən üç azyaşlı uşağın xəstəxanada vəfat etməsinə görə uzadıldığını söyləyib. 

E.Kuomo hazırda Nyu-Yorkdakı laboratoriyalarda uşaqlara COVID-19-un təsirinin öyrənilməsi üçün ciddi araşdırmalar aparıldığını bildirib: “Həkimlər koronavirusun uşaqlarda ağır xəstəliyə səbəb ola biləcəyi fikrindədir. Ölən uşaqlarda toksik şok sindromuna bənzəyən simptomların ortaya çıxdığını bilirik. Ötən həftənin cümə günündən bu yana Nyu-Yorkda üç uşaq oxşar ağırlaşmalarla vəfat etdi. Halbuki uşaqların COVID-19-dan təsirlənmədiyini düşünürdük. Artıq buna o qədər də əmin deyilik" deyə bildirib. Qubernator həmçinin Nyu-York şəhərində koronavirusa yoluxanların sayında ciddi şəkildə azalmaların olduğunu vurğulayıb.

Qeyd edək ki, Nyu-York ştatında xüsusi karantin qaydaları tətbiq olunmasa da, insanların əlcəksiz və maskasız gəzməsinə icazə verilmir. Xüsusilə marketlər və apteklərə maskasız və əlcəksiz insanlar buraxılmır. Nyu-York metrosu aprelin 29-dan bəri günorta saat 13:00-dan 15:00-dək dezinfeksiya məqsədilə fəaliyyətini dayandırır. Hətta "Evsiz insanlar"la (Homeless) məşhur olan Nyu-York metrosunda hər gün təxminən üç insanın öldüyü bildirilir. Ümumiyyətlə, Nyu-York şəhərində bu günədək 343 709 nəfər koronavirusa yoluxub, onlardan 26 598-i ölüb.