Vahid namizəd məsələsi səfirlikdə
12:49 23-11-2012
İQTİSADİYYAT
Vahid namizəd məsələsi səfirlikdə
Müxalifət liderləri yenə razılaşmadı
ABŞ-in yeni səfiri fəaliyyətə başladığı müddətdə artıq ikinci dəfədir ki, müxalifət liderləri ilə görüş keçirir. İlk görüşdə bildirildi ki, bu tanışlıq xarakteri daşıyır və hansısa siyasi maraq güdməyə dəyməz. Amma məlum oldu ki, belə bir neçə belə görüş yenə keçirilib. Belə ki, bir qrup müxalifət lideri ilə Amerika Səfirliyində görüş keçirilib. Görüş haqqında əlavə məlumat almaq, orada hansı məsələlərin müzakirə edildiyini öyrənmək mümkün olmayıb.Bildirilib ki, görüşlə bağlı heç bir açıqlama verə bilməzlər və bu qaydanı pozmaq olmaz. Görüşdə hansı məsələnin müzakirə olunmasını öyrənmək cəhdi Müsavat başqanı İsa Qəmbərlə də alınmayıb. Səfirlikdən də, eyni zamanda heç bir açıqlama almaq mümkün olmayıb.
Maraq üçün deyək ki, bu müxalifət liderlərin ABŞ səfiri Riçard Morninqstarla sayca üçüncü görüşüdür. Müxalifət liderləri ilə görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 2013-cü il seçkiləri, müxalifət partiyalarının seçkidə iştirakı ilə bağlı məsələlər müzakirə olunduğu ehtimal edilir.
Səfirin müxalifəti seçkidə birgə və vahid namizədlə iştiraka səslədiyi haqda məlumatlar var. Lakin müxalifət arasında fikir ayrılıqları olduğu üçün hələlik səylər heç bir nəticə vermir. İddia olunur ki, ABŞ diplomatı müxalifətin vahid güc kimi seçkidə iştirak edəcəyi təqdirdə prosesin demokratikliyinin təmin etməyin asan olacağını liderlərin diqqətinə çatıdırıb.
Növbəti görüşün də yaxın zamanlarda, bu ilin sonuna kimi keçirilməsi nəzərdə tutulur.
Artıq məsələyə hakim Yeni Azərbaycan Partiyasından (YAP) da reaksiya gəlib. Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müxalifət liderləri ilə bu gün keçirdiyi görüşə etiraz edib. YAP rəsmisi Modern.az-a açıqlamasında ABŞ səfirini Azərbaycanın qaçqın və məcburi köçkünlərilə bir dəfə də maraqlanmamaqda ittiham edib. S.Novruzov bildirib ki, amerikalı səfir parlamentdə təmsil olunan siyasi partiyalardan fərqli olaraq radikal müxalifət partiyalarına daha çox diqqət göstərir.
"Amerikanın səfiri burada istənilən görüşü keçirə bilər. Amma nədənsə o, digər partiyalarla yox, müxalifət partiyalarının nümayəndələri ilə görüşür. Bir səfir kimi qaçqınlarla da görüşsün, evsiz-eşiksiz insanların niyə didərgin düşdüyünü öyrənsin. Azərbaycanın parlamentdə təmsil olunan digər siyasi partiyaları var. O cümlədən parlamentdə təmsil olunmayan ayrı-ayrı partiyalar var. Nədənsə ABŞ səfirinin məhəbbəti bu insanların üzərindədir", - deyə S.Novruzov vurğulayıb.
Qeyd edək ki, ABŞ səfiri bu gün ölkənin aparıcı müxalifət partiyalarının sədrləri ilə mətbuata qapalı görüş keçirib. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, "REAL" Vətəndaş Hərəkatının həmtəsisçisi Natiq Cəfərli, AMİP sədri Yusif Bağırzadə, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak edib.Məsələ ilə bağlı "Unikal"a açıqlama verən müxalifət liderlərindən biri bildirib ki, görüşdə müxalifətin seçkilərə hazırlıq məsələsi müzakirə olunub. Onun sözlərinə görə ABŞ-da müəyyən qüvvələr var ki, Azərbaycanda müxalifətin güc mərkəzinə çevrilməsini istəyir və bununla da hakimiyyətə qarşı alternativ güc formalaşdırmaq istəyirlər. Mənbənin deməsinə görə görüşdə İsa Qəmbərin vahid namizəd olması müzakirə olunsada ortaq məxrəcə gəlmək mümkün olmayıb. Öncəliklə bu məsələyə "Ümid" partiyasının sədri İqbal Ağazadə etiraz edib və bildirib ki, ADP ilə onların öz blokları var və bu blok prezidentliyə namizəd onun özünü qəbul edib. Məsələyə öncə loyal yanaşan Əli Kərimlidə sonra vahid namizəd məsələsinin mümkünsüzlüyünü bildirib. Buna görə də görüş demək olar ki, nəticəsiz qalıb. Başqa maraqlı bir məqam isə budur ki, ABŞ səfiri bəzi müxalifət partiya liderlərini görüşə dəvət etməyib. Bildirilir ki, burada da əsas məqsəd odur ki, görüşə çağrılan qüvvələrin cəmiyyətdə ciddiliyini artırmaqla yanaşı, yerdə qalanlar haqqında mənfi rəy yaratmaqdır. Öncələr belə görüşlərə ADP sədri dəvət olunsada artıq onu da prosesdən kənarlaşdırıblar.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40